...

Yeni əməliyyat qalmaqalında adı hallanan həkim iddialara cavab verdi (ÖZƏL)

Cəmiyyət Materials 2 Sentyabr 2016 18:14 (UTC +04:00)
"NewMed" klinikasında cərrah Bariz Zeynalov Svetlana Əliyevanın əməliyyatdan sonra ölümü ilə bağlı ona qarşı qaldırılan iddiaya cavab verib.
Yeni əməliyyat qalmaqalında adı hallanan həkim iddialara cavab verdi (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva -Trend:

"NewMed" klinikasında cərrah Bariz Zeynalov Svetlana Əliyevanın əməliyyatdan sonra ölümü ilə bağlı ona qarşı qaldırılan iddiaya cavab verib.

B.Zeynalov Trend-ə açıqlamasında bildirib ki, şəkərli xəstə, həm də birtərəfli iflic olmuş S.Əliyeva "NewMed" klinikasına "mexaniki sarılıq" diaqnozu ilə daxil olub: “Bu o deməkdir ki, xəstənin öd axarının ağzı tutulub. Ödün axarları isə bağırsağa deyil, qana axırdı, yəni qanı zəhərləyirdi. Martın 31-də Svetlana Əliyevanı əməliyyat etdim. Əməliyyat zamanı gördüm ki, onun öd kisəsi çox büzüşüb, mədəsində isə şiş var. Həmin şiş onun ödünün axarının ağzını tutmuşdu. Mən xəstənin mədəsində şişin olması barədə övladlarına məlumat verdim. Onlar buna razılıq verdikdən sonra şişi - mədənin bir hissəsini götürdüm, ödün isə götürülməsinə ehtiyac olmadı, çünki şişi götürməklə öd axarının da ağzı açıldı”.

Cərrah deyib ki, əməliyyatdan sonra mədədən götürülən materialı analiz üçün Tibb Universitetinin Onkologiya Klinikasına göndərib. Klinika xəstədə şişin olduğunu təsdiqləyib. Bundan sonra başqa bir klinika da xəstədə şişin olduğunu təsdiqləyib: “Amma Svetlana Əliyevanın uşaqları analizin cavabını gizlədirdilər. Deyirlər ki, sən bizi aldadırsan, anamızda xərçəng yoxdur. Mən də demişəm ki, ananıza xərçəngə görə kimyəvi müalicə lazımdır. Lakin onlar bunları qəbul etmirlər, klinikanın rəhbərliyini şantaj edirlər”.

B.Zeynalov xəstənin keçirdiyi əməliyyatdan sonra tam normal olduğunu, xəstəxanadan çıxarkən bütün analiz göstəricilərinin də normaya uyğun olduğunu söyləyib: “Onlar klinikadan xəstəni aparanda kağız da yazdılar ki, xəstəmizi klinikadan stabil vəziyyətdə aparırıq, bütün məsuliyyət öz boynumuzdadır. Amma təxminən iki aydan sonra 5-6 nəfər bunları ortaya salıb ki, gərək bunun ödü də çıxarılaydı. Onlar analarını ehtiyac olmadan yenə də Gürcüstana apararaq təkrar əməliyyat etdiriblər. Gürcüstandan qayıdandan sonra xəstədə yenidən sarılıq başlayıb. Mənim keçirdiyim əməliyyatdan 1-2 ay sonra deyil, 5 ay sonra qadın dünyasını dəyişib. Buna görə də məni günahlandırmaları düzgün deyil”.

Cərrah əməliyyata içkili halda daxil olması ilə bağlı deyilənləri iftira adlandırıb. O, 35 illik həkim fəaliyyəti dövründə heç zaman içkili vəziyyətdə əməliyyata daxil olmadığını söyləyib.

B.Zeynalov qarşı tərəfin iddiası ilə Nərimanov rayon prokurorluğunda araşdırma aparıldığını da bildirb.

Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, hadisə ilə əlaqədar nazirliyə müraciət daxil olmayıb. Buna görə də bununla bağlı hər hansı araşdırma aparılmır.

Qeyd edək ki, S.Əliyevanın qızı Samirə Mirzəyeva B.Zeynalovun əməliyyata içkili vəziyyətdə daxil olduğunu, həkimin anasının mədəsini onlara xəbərdarlıq etmədən kəsdiyini, anasının mədəsində şiş olmadığını iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti