...

Kürdəmirdə dini radikalizmlə mübarizə müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 23 Noyabr 2016 18:04 (UTC +04:00)
Bu gün Kürdəmirdə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda təşkil edilmiş regional konfrans çərçivəsində Kürdəmir rayon Gənclər Evində gənclərin iştirakı ilə tədbir keçirilib.
Kürdəmirdə dini radikalizmlə mübarizə müzakirə olunub (FOTO)

Bakı. Trend:

Bu gün Kürdəmirdə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda təşkil edilmiş regional konfrans çərçivəsində Kürdəmir rayon Gənclər Evində gənclərin iştirakı ilə tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rayon ictimaiyyətinin nümayəndələrinin və ziyalıların da iştirak etdiyi tədbirdə tolerant və multikultural dəyərlərimizin gənclər arasında təbliği və dini radikalizmlə mübarizə mövzusunda müzakirələr aparılıb.

Giriş sözü ilə çıxış edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşıyev görüşün əhəmiyyətindən danışaraq bildirib ki, milli-mənəvi dəyərlərin təbliğ edilməsi, eyni zamanda dini maarifçilik işinin aparılması məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, milli-mənəvi irsimizin tərkib hissəsi kimi tolerant və multikultural dəyərlərimizin qorunması və təbliği istiqamətində rayon ərazisində həyata keçirilən silsilə tədbirlərdən danışıb.

Dövlət-din münasibətlərindən, bu sahəni tənzimləyən qanunvericilik bazasından danışan DQİDK sədrinin müavini Gündüz İsmayılov Dövlət Komitəsinin dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edib.

Komitənin sədr müavini ölkəmizin zəngin multikultural mühitinə əsas təhlükə törədən potensial və real təhdidlərə diqqət çəkərək, dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən danışıb. Bildirib ki, məzhəb müxtəlifliyi şəraitində multikultural cəmiyyətlərdə, xüsusilə İslam dininə mənsub toplumlarda ənənəvi İslamın zəifləməsi fonunda xarici təsirlərin güclənməsi prosesi gedir. Dini radikalizmin güclənməsi dinin siyasiləşdirilməsinə, tolerantlığın zəifləməsi isə məzhəbçiliyin güclənməsinə, dini kimliyin milli kimliyə qarşı qoyulmasına, cəmiyyətdə qütbləşmənin və sosial təbəqələşmənin yaranmasına aparıb çıxara bilər. Belə cəmiyyətlərdə qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyillərinin artması, dünyəvi təhsilə qarşı çıxışların müşahidə olunması xarakterik haldır.

Diskussiya şəraitində keçən tədbirdə dini radikalizmə qarşı birgə mübarizənin vacibliyi, bu sahədə ziyalıların və müəllimlərin üzərinə düşən vəzifələr, eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunması, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti