...

ƏƏSMN-də TİKA ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 28 Fevral 2017 10:41 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində TİKA ilə əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
ƏƏSMN-də TİKA ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) TİKA ilə əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-də Türkiyə Respublikası Nazirlər Kabinetinin tabeliyində fəaliyyət göstərən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinasiya Ofisinin rəhbəri Adəm Urfa ilə görüş olub.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli əmək resurslarının məşğulluğunun təmin olunmasının, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının məşğulluğuna şərait yaradılmasının Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu vurğulayıb. O, ƏƏSMN tərəfindən bu istiqamətdə aparılan işlər barədə məlumat verib. Qeyd olunub ki, TİKA ilə nazirlik arasında əməkdaşlıqda da bu istiqamət xüsusi yer tutur. Belə ki, son illərdə özünüməşğulluğun dəstəklənməsi sahəsində nazirlik tərəfindən icra olunan iki pilot layihədən biri də TİKA ilə əməkdaşlıqda həyata keçirilib. Layihə çərçivəsində əlilliyi olan və işaxtaran kimi qeydiyyata alınmış şəxslər üçün arıçı peşəsi üzrə hazırlıq kursu təşkil olunduqdan sonra hər birinə lazımi avadanlıq və vasitələr verilib. Digər pilot layihə kimi bu layihə də gözlənilən şəkildə özünü doğruldub. Həmin əlilliyi olan insanlar müəyyən müddətdən sonra özünüməşğulluq fəaliyyətindən gəlir əldə etməklə vergi və sosial sığorta ödəyicisinə çevriliblər.

Görüş iştirakçılarına Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli sərəncamı əsasında ölkəmizdə işsiz və işaxtaran vətəndaşların özünüməşğulluğun təmin olunması sahəsində görülən işlər barədə məlumat verilib. Sərəncamla hazırda ölkəmizdə işsiz və işaxtaran şəxslərin ailə bizneslərinin qurulması üçün aktivlərlə təminatının həyata keçirildiyi bildirilib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakı şəhərində Əmək Mərkəzinin yaradılması işləri də diqqətə çatdırılıb. Mərkəzin İƏT-ə üzv dövlətlər arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın inkişafında əhəmiyyəti qeyd olunub. Bu mərkəzin fəaliyyətində İƏT-in Türkiyədə fəaliyyət göstərən qurumu olan İslam ölkələri üzrə Statistika, İqtisadiyyat, Sosial Araşdırma və Tədris Mərkəzi (SESRİC) ilə sıx əlaqələrin qurulmasının faydalı ola biləcəyi vurğulanıb.

A.Urfa TİKA-nın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq şəraitində kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, sosial və mədəni sahələr üzrə layihələrindən bəhs edib. O, təşkilatın Azərbaycanda da uğurlu iş təcrübəsinin olduğunu, həmçinin sosial müdafiə, məşğulluq sahələrində dəstək məqsədli layihələr həyata keçirdiklərini bildirib.

Görüşdə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin peşə bilik və bacarıqlarına yiyələnmələrinin, məşğulluq imkanlarına malik olmalarının dəstəklənməsi sahəsində əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti