...

İndiyədək 55 istixana kompleksinə 170 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat Materials 2 Mart 2017 15:25 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
İndiyədək 55 istixana kompleksinə 170 milyon manat güzəştli kredit verilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum martın 2-də Yevlax rayonunun Yuxarı Bucaq kəndində keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Yevlaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Yevlax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, müasir heyvandarlıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, soya əkini, yun qəbulu məntəqəsi və pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar paylanıb.

İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Yevlax rayonundan olan 1100-dən çox sahibkara 34,3 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, ümumilikdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 514,3 milyon manat güzəştli kredit ayrılıb.

Tədbir çərçivəsində Yevlax və ətraf rayonlardan olan sahibkarlıq subyektlərinə 790 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, plastik boru istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Yevlaxda güzəştli kreditlərdən istifadə etməklə yaradılmış müasir istixana kompleksinə baxış keçirilib.

Qeyd edək ki, indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən illik istehsal gücü 90 min ton tərəvəz, 10,4 milyon dekorativ bitkilər, 10,6 milyon ədəd tərəvəz ştilləri və 250 ton üzüm olan 55 müasir istixana kompleksinə 170,6 milyon manat güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti