...

"Əməkdaşlığın genişləndirilməsi üçün potensial var"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2014 18:13 (UTC +04:00)
Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələr müzakirə edilib
"Əməkdaşlığın genişləndirilməsi üçün potensial var"

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və Monteneqro hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Ş.Mustafayev qarşılıqlı hörmət, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Monteneqro əlaqələrinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin və aparılan danışıqların əhəmiyyətini vurğulayıb. Bildirilib ki, siyasi əlaqələrin yüksək səviyyədə olması və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır: "Ötən il Azərbaycanla Balkan regionu ölkələri ilə imzalanmış memorandumlar enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır. Ölkələrimiz arasında ticarət əlaqələri də inkişaf edir. İqtisadiyyatın digər sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün potensial var və bu istiqamətdə səylərimizi davam etdirməliyik".

Ş.Mustafayev Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransında iştirakına görə Monteneqronun iqtisadiyyat nazirinə təşəkkür edib, Konfransın sənaye sahəsində əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.

Monteneqronun iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri V.Kavariç Azərbaycana növbəti səfərindən və Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransında iştirakından, ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün imkanları diqqətə çatdırıb.

Azərbaycan və Monteneqro arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti