Bakı. Maksim Tsurkov - Trend:
Transadriatik boru kəmərinin (TAP) tikinti layihəsinin maliyyələşdirilməsinə kommersiya kreditorları da cəlb edilə bilər. Bunu Trend-ə TAP konsorsiumunun icraçı direktoru Yen Bredşou deyib.
Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi qrafikə uyğun aparılır: "TAP Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bəzi ölkələrinin ixrac-kredit agentlikləri daxil olmaqla, bir sıra beynəlxalq institutlardan maliyyə almağı gözləyir".
Y.Bredşou əlavə edib ki, TAP-ın maliyyələşdirilməsinin böyük hissəsi kommersiya kreditorları hesabına nəzərdə tutulub.
Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.