...

Fransa deputatlarının Dağlıq Qarabağa səfəri qeyri-rəsmi xarakter daşıyıb - Fransa XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2011 14:34 (UTC +04:00)
Fransa deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi xarakter daşımır və deputat qrupunun şəxsi təşəbbüsü ilə həyata keçirilib.
Fransa deputatlarının Dağlıq Qarabağa səfəri qeyri-rəsmi xarakter daşıyıb - Fransa XİN

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir S.Ağayeva/

Fransa deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi xarakter daşımır və deputat qrupunun şəxsi təşəbbüsü ilə həyata keçirilib. Fransa Milli Yığıncağının deputat qrupunun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Azərbaycanın etiraz notasına cavab olaraq Fransa Xarici İşlər Nazirliyindən belə şərh verilib.

"Fransa tərəfi rəsmən mövqeyini təsdiq edib. Mövqe ondan ibarətdir ki, bu səfər Fransa Milli Yığıncağının Milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri, "Xalq hərəkatı uğrunda İttifaq" parlament fraksiyasının üzvü Gi Tesyenin təşəbbüsü ilə həyata keçirilib. O, Marselin iki rayonunun meridir və orada erməni icması kompakt şəkildə yaşayır. 2012-ci ildə Fransanın qanunvericilik orqanına seçkilərin keçiriləcəyini nəzərə alaraq, Tesye xal toplamağa çalışır" - Trend-ə çərşənbə axşamı Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov deyib.

Azərbaycanın Parisdəki səfirliyi fransız deputatların Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfəri ilə bağlı Fransa XİN-ə etiraz notası təqdim edib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan XİN-in birinci katibi Elman Abdullayev məlumat verib.

"Hər hansı digər izahatı gözləməyə dəyməz, səfərlə bağlı belə praktika olub və çox güman ki, yenə də olacaq. Fransa rəhbərliyi belə səfərlərlə bağlı yalnız öz narazılığını bildirə bilər", - Əmirbəyov qeyd edib.

Onun sözlərinə görə, Fransa XİN-də Tesyeni belə səfərdən çəkindirməyə çalışıblar. "Lakin o, getmək qərarına gəlib, çünki bu səfər seçkilərin nəticəsinə təsir göstərə bilər", - səfir Fransa XİN-in nümayəndələrinə istinadən bildirib.

"Tesyenin bu addımı onun bəyan etdiyi kimi, separatçı Dağlıq Qarabağla həmrəyliyi göstərmir, ona seçki dairəsində yaşayan ermənilərin səsləri vacibdir", - Əmirbəyov əlavə edib.

Səfirin sözlərinə görə, Fransa XİN rəsmiləri Azərbaycan tərəfinin narazılığına hörmətlə yanaşıblar.

"Biz notamızda qeyd etmişik ki, belə addım Parislə ikitərəfli münasibətləri yaxşılaşdırmır və Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun sədri kimi səylərinə xələl gətirir. Bununla əlaqədar biz gözləyirik ki, Fransa XİN rəsmi səviyyədə notaya münasibət bildirəcək və Fransa XİN-in rəsmi nümayəndəsi brifinqlərdən birində, ötən dəfə olduğu kimi, rəsmi Parisin mövqeyini bildirəcək", - Əmirbəyov qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti