...

İlk çıxışından İslamiadanın qızıl medalına qədər yol (FOTO)

Nəzər nöqtəsi Materials 14 May 2017 19:35 (UTC +04:00)
Mən üç yaşından etibarən gimnastika ilə məşğul olan qızımla fəxr edirəm.
İlk çıxışından İslamiadanın qızıl medalına qədər yol (FOTO)

Bakı. Maksim Tsurkov, Vüqar İmanov - Trend:

Ötən gün IV İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə komanda hesabında qızıl medal qazanmış gənc gimnast, 15 yaşlı Zöhrə Ağamirova ilk böyük uğurunu qazanıb.

Gimnastın anası Könül Ağamirova bununla bağlı öz sevincini Trend-lə bölüşüb.

Gənc gimnastın anası deyib: “Mən çox xoşbəxtəm və öz hisslərimi sözlərlə ifadə edə bilmirəm. Bu, onun ilk böyük medalıdır. Mən üç yaşından etibarən gimnastika ilə məşğul olan qızımla fəxr edirəm. O, gənclər arasında Azərbaycan çempionu olub, amma Bakıdakı İslamiadada qalib gəlmək və Birinci vitse-prezident Mehriban Əliyevanın əlindən mükafat almaq böyük şərəfdir!”

K.Ağamirova qeyd edib ki, qızının hələ yeddi yaşı olanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva onun çıxışını görüb: “Zöhrə uşaq bağçasının açılışında improvizə proqram təqdim etmişdi. Çıxışdan sonra Mehriban xanım ona yaxınlaşıb və nə ilə maraqlandığını soruşub. Eşidəndə ki, Zöhrə gimnastika ilə məşğul olur, Mehriban xanım vəd edib ki, idmanda uğur əldə etmək üçün ona bütün şəraiti yaradacaq. Tarix bir daha təkrarlandı. Mehriban xanım indi də qızıma yaxınlaşdı. Amma bu dəfə İslamiadanın qızıl mükafatını təqdim etmək üçün. Mən həmçinin uşaqlara böyük diqqət və qayğı ilə yanaşan milli komandanın baş məşqçisi Mariana Vasilevaya təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Xəbər lenti

Xəbər lenti