...

Baharın ən gözlənilən melodramması ümidləri doğrultdu...

Mədəniyyət Materials 18 May 2015 15:04 (UTC +04:00)
Baharın ən gözlənilən melodramması ümidləri doğrultdu...
Baharın ən gözlənilən melodramması ümidləri doğrultdu...

Azərbaycan, Bakı, 18 may /Trend/

Dodaqqaçdı komediyaların tüğyan etdiyi bir vaxtda Azərbaycan tamaçaçısına fərqli üslubda və janrda film təqdim edildi. Mayın 13-də melodramma janrında lentə alınmış "Arzuların ardınca" adlı ekran tamaşaçıların ixtiyarına verildi. Bu filmin üzərinə böyük məsuliyyət düşürdü. Trend xəbər verir ki, kinosevərlərin "yaxşı vaxt keçirmək" istəyi ilə yollandıqları komediya filmlərindən fərqli olaraq burada mövzu daha qlobal idi. İlk baxışdan kommersiya cəhətdən "gülməli" film çəmək daha sərfəli üsul sayılır. Amma mövzusu xərçəng xəstəliyi olan bu filmdə məqsəd və məram başqa səmtə yönəlmişdi. Filmin premyerasında onu ərsəyə gətirən komandanın demək olar ki, hər üzvü ilə ünsiyyətdə olduq. Kiçik heyət və demək olar ki, mövcud olmayan büdcə ilə başa gətirilən "Arzuların ardınca" gedə bilməyəcəyimi düşünürdüm. Amma...

Hər film özünəməxsus auraya və ruha malik olur yaxud olmalıdır. Bu ruh bizi sona kimi ekran qarşısından durmağa qoymur. Demək olar ki, "Arzuların ardınca" filmində eyni hissləri yaşadım. Baş rollara tanınmayan simaların çəkilməsi rejissor tərəfindən atılmış riskli addım kimi görünsə də bu özünü doğrultdu. Bu janrda çəkilmiş türk filmlərini izləyərək tamaşaçı zövqünü formalaşdırmış insanlar eyni məqamları Azərbaycan filmində tapmaq imkanı qazandı.

Bu dəfə hər şey daha real idi. Cəmiyyəti ələ almış xərçəng bəlasına qarşı belə bir "silah"ın meydana çıxması tam yerinə düşmüşdü. Rejissor, operator, ssenari və s. cəhətlərdə müəyyən çatışmazlıq axtarıb tapmaq olar. Amma sevindirici hal odur ki, filmə baxanlar "bizimkilər kino çəkə bilmir" fikrindən tamamilə daşındılar. Hərçənd ki, filmin rejissoru Ramil Ağasıyev müsahibələrində başlanğıcda ona inanan insanların olmamasından gileylənirdi. Fakt isə dəyişilməz qalır. Təcrübəsiz baş rol ifaçıları öz işlərini layiqincə görmüşdü. Bir-biri ilə ünsiyyətdə səmimi görünən Kamil və Arzu obrazları izləyicilərə öz enerjilərini ötürə bildi. Filmdə istifadə olunan musiqlər ümumi ab-havanı dəstəkləyirdi. Sevda Ələkbərzadənin "Getmə" mahnısı yerinə düşmüşdü desəm yəqin ki, yanılmaram. "Arzuların ardınca" kinoteatrlarda yayımlanan ilk yerli melodramma kimi tarixdə qalacaq. Sevindirici haldır ki, başlanğıc pis alınmadı. Bundan sonra açılmış cığırla yenə gedənlər olacaq. İlklər hər zaman çətin və yaddaqalan olur. İndiki halda arxaya baxmadan irəliləmək lazımdı. Filmin şüarında deyildiyi kimi "arxaya baxsaq nağıl bitəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti