...

Azərbaycan tarixi abidələri erməni vandalizminin qurbanıdır

Mədəniyyət Materials 18 Aprel 2023 14:11 (UTC +04:00)
Azərbaycan tarixi abidələri erməni vandalizminin qurbanıdır

Bakı. Trend:

Hər bir xalqın varlığını sübut edən tarixi yadigarlar içərisində abidələrin özünəməxsus yeri və rolu danılmazdır. Çünki onların meydana gəlməsinə qədər əsrlər, min illər keçib. Zaman-zaman dəyişilən ictimai-iqtisadi formasiyalar, mədəniyyətlərin qovuşması, yaxud ayrılması bu tarixi şahidlərin sinəsinə həkk olunub. Ona görə də abidələrin mühafizəsi labüddür. Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir parçasıdır. Tarixi tədqiqatlar sübut edib ki, Azərbaycan bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazisində yerləşir. Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığınacaqlar, memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənlərindəndir.

Təəssüf ki, tarixən bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən sığortalanmayıblar. Hər dövrün özü ilə gətirdiyi "səmum yeli” onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Erməni işğalçılarının talan etdiyi abidələr Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün qəddarcasına, vəhşicəsinə yer üzündən silinib, yaxud erməniləşdirilib. Təsadüfi deyil ki, dağıdılan, məhv edilən maddi mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin nəinki ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan sərvətlərimiz talan edilərək Ermənistana daşınıb.

Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün dövlətin diqqət mərkəzindədir.

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, Azərbaycanın üç tarix-mədəniyyət və abidələr məkanı – Qobustan qayaüstü rəsmləri (Qobustan Milli Tarix-Bədii Qoruğu), İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu) və Şəki şəhərinin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə (“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu) UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Heç şübhəsiz ki, Azərbaycanda bu siyahıya əlavə olunması vacib sayılan bir çox tarixi abidələr hələ də var.

Onlardan biri - Qobustan qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. Ümumilikdə isə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu var.

Aytac Əliyeva
Turkic.world

Məqalədə:
Xəbər lenti

Xəbər lenti