...

III Şuşa Qlobal Media Forumu Prezident İlham Əliyevin qətiyyətli siyasətinin növbəti mükəmməl təqdimatı oldu

Gündəm Materials 24 İyul 2025 09:22 (UTC +04:00)
III Şuşa Qlobal Media Forumu Prezident İlham Əliyevin qətiyyətli siyasətinin növbəti mükəmməl təqdimatı oldu

Bakı. Trend:

Bir neçə gün əvvəl respublikamız növbəti beynəlxalq tədbirə - III Şuşa Qlobal Media Forumuna evsahibliyi etdi. Artıq ənənəyə çevrilən bu Forumun respublikamızın keçirilən digər beynəlxalq tədbirlərdən fərqi odur ki, işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağda təşkil olunur. Bu baxımdan Şuşa Qlobal Media Forumu bütün tərəfləri və məziyyətləri ilə yanaşı, özündə Azərbaycanın Zəfərini təcəssüm etdirir, Qarabağın və Şərqi Zəngəzurun quruculuğunu dünyaya çatdırır.

Artıq 5 ilə yaxındır ki, torpaqlarımız işğaldan azad edilib, 2023-cü ilin sentyabrından isə Qarabağdakı erməni separatizminə son qoyulub. Möhtərəm Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli siyasətinin nəticəsi olaraq azadlığının təntənəsini yaşayan Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın quruculuq əzmini nümayiş etdirməklə yanaşı, həm də nüfuzlu beynəlxaq tədbirlərə evsahibliyi edir. Ötən ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının birinci qeyri-rəsmi Zirvə görüşünün, bu ilin may ayında Laçında Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin Zirvə görüşünün, iyulun əvvəlində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün və 19-21 iyul tarixlərində artıq üçüncü dəfə təşkil olunan Şuşa Qlobal Media Forumunun keçirilməsi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın regional və qlobal əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bir ünvana çevrildiyini göstərir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda keçirilən beynəlxalq tədbirlər həm Azərbaycanın sülhsevər siyasətinin, həm də ölkəmizin regionda sabitliyin bərqərar olmasına verdiyi töhfənin göstəricisidir.

Qeyd etdiyim kimi, Şuşa Qlobal Media Forumu artıq üçüncü dəfədir təşkil olunurdu. Azərbaycanın media nümayəndələri ilə yanaşı, 52 ölkədən 140-a yaxın xarici qonağın, 7 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı bu Forumun artıq dünyada maraq doğuran beynəlxalq müzakirə platforması kimi tanınmasından xəbər verir. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunan Forumun əsas və böyük maraqla izlənən tədbirlərindən biri Prezident İlham Əliyevin iyulun 19-da tədbir iştirakçıları ilə keçirdiyi görüş oldu. Bu görüşdə Prezident İlham Əliyevin jurnalistlərin və ekspertlərin suallarına səmimi və ardıcıl şəkildə verdiyi cavablarda Azərbaycanın sülh, ədalət və beynəlxalq hüquqa əsaslanan siyasət yürütdüyünü, dövlətimizin prioritet hədəflərinin və milli maraqlarının nələrdən ibarət olduğunu onların diqqətinə çatdırdı.

Bu Forumun ən böyük üstünlüklərindən biri də əlbəttə ki, Azərbaycanın Zəfərinin, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurmanın, Böyük Qayıdışın dünya ictimaiyyətinin diqqətinə mükəmməl şəkildə çatdırılmasıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev suallara cavabında ilk olaraq bunu qeyd etdi. Dövlətimizin başçısının bildirdiyi kimi qonaqlar üçün yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülən işlərə baxmaq cəlbedici olacaq. Bütün bunların fonunda həm də Ermənistanın yürütdüyü təcavüzkar siyasət, 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın ərazilərini işğal altında saxlaması bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Prezident İlham Əliyevin suallara cavabında əsas yerlərdən birini respublikamızın COP29-a sədrliyi qismində iqlim problemlərinin həllinə verdiyi töhfələr və respublikamızın "yaşıl enerji" gündəliyi ilə bağlı tədbir iştirakçılarının məlumatlandırılması oldu. COP29-da karbon bazarlarının fəaliyyəti ilə əldə olunan razılıq, o cümlədən iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin 100 milyard ABŞ dollarından 300 milyard dollara qədər artırılması kimi nailiyyətlər məhz Bakıda əldə olundu. Prezident İlham Əliyev bu mühüm məqamları, o cümlədən Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpüyə çevrilməsini xüsusi qeyd etməklə, respublikamızın qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə işinə verdiyi töhfələri qürurla diqqətə çatdırdı. Əlbəttə ki, bütün bunlar Azərbaycanın qlobal müstəvidə həyata keçirdiyi siyasi kursun hədəfləri və nailiyyətləri barədə Forumun xarici iştirakçılarının təsəvvürlərini daha da gücləndirdi.

Prezident İlham Əliyevin tədbir iştirakçılarının sualları əsnasında toxunduğu ən mühüm məsələlərdən biri də torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı oldu. Bununla bağlı fikirlərində dövlətimizin başçısı həyata keçirdiyi qətiyyətli siyasətin, xalqımızın əyilməz ruhunun, Azərbaycanın 44 günlük müharibədə yaratdığı yeni reallıqların ən gözəl təsvirini verdi. O cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğal dövründə riyakar fəaliyyətlərinin məzmunu və mahiyyəti barədə Forum iştirakçıları Azərbaycan Prezidenti tərəfindən daha dolğun şəkildə məlumatlandırıldılar. Bütövlükdə, Prezident İlham Əliyevin suallara cavablarının fonunda tədbir iştirakçıları bir daha ədaləti təmin etməyin, öz milli haqqını qorumağın Azərbaycan nümunəsi ilə tanış oldular.

Forumda suallara cavabında Prezident Azərbaycanla-Ermənistan arasında normallaşma prosesi, o cümlədən respublikamızın təşəbbüsləri ilə formalaşan sülh gündəliyinin gedişatı, Zəngəzur dəhlizi ilə bağlı mesajlar verdi, regionda sülh və təhlükəsizliyin təmin olunmasının Azərbaycanın şərtlərinin Ermənistan tərəfindən yerinə yetirilməsindən asılı olduğunu diqqətə çatdırdı. Azərbaycan Prezidenti Zəngəzur dəhlizi haqqında dövlətimizin prinsipial şərtini də bir daha xatırlatdı. "Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir" -deyə Prezident İlham Əliyev bildirdi.

III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə verilən suallar yalnız Azərbaycanla bağlı deyildi. Suallar həm də qlobal siyasəti, beynəlxalq müstəvidə baş verən hadisələri əhatə etdi. Bu da bir daha Prezident İlham Əliyevin qlobal səviyyəli siyasi lider olduğunu aydın şəkildə nümayiş etdirdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Forum iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlər dünyada böyük maraq doğurdu. Xarici KİV-də dövlətimizin başçısının səsləndirdiyi fikirlərə geniş yer ayrıldı. Bunların arasında ABŞ Prezidenti Donald Trampın özünün “Truth” sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin çıxışından bir hissəni paylaşmasını xüsusilə qeyd edə bilərik. Prezident İlham Əliyevin ukraynalı jurnalistin sualına cavabı isə trendə çevrilərək xarici KİV-in manşetlərində yer aldı.

Üçüncü Şuşa Qlobal Media Forumu yalnız Azərbaycanda və regionda deyil, dünyada maraqla qarşılanan siyasi hadisə kimi yadda qaldı. Beynəlxalq əməkdaşlığı möhkəmləndirən və dialoqu təşviq edən bu tədbir Azərbaycanın nailiyyətlərinin, beynəlxalq informasiya müharibəsindəki üstünlüyünün göstəricisi, habelə, dünyada cərəyan edən proseslərlə bağlı qətiyyətli mövqeyinin və planlarının mükəmməl təqdimatı oldu.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti