Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələr aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilib realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilmiş müvafiq əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək ölkəmizə gəlmiş İran İslam Respublikası vətəndaşı Museyibzadə Davud Yusif oğlu narkotik vasitənin alqı-satqısını gerçəkləşdirmək üçün gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirdiyi, içərisində narkotik maddələr olan 2 ədəd torbanı şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satmaq istəyərkən yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb.
İlkin istintaqla müəyyən edilib ki, İran İslam Respublikasının vətəndaşı Museyibzadə Davud Yusif oğlu satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmək üçün İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, əldə edilmiş razılığa görə İranın Parsabad rayonunda cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvlərindən külli miqdarda 7 kiloqram 315 qram olan narkotik vasitə qurudulmuş marixuananı, 9 kiloqram 910 qram olan narkotik vasitə həşiş qətranını sərhəd zolağının İmişli rayonu Qaragüvəndikli kəndi ərazisindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməklə gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirib və həmin kəndin ərazisində şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Museyibzadə Davud Yusif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə ona ittiham elan edilərək Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.