...

Masallıda ağır yol qəzası: 4 ölü, 3 yaralı (FOTO)

Hadisə Materials 12 May 2014 16:37 (UTC +04:00)
Masallı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Masallıda ağır yol qəzası: 4 ölü, 3 yaralı (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İzzət/

Masallı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən xəbər verir ki, Masallı rayonu, Alvadı kəndi ərazisindən keçən, Ələt-Astara yolunun 164-cü kilometrliyində "VAZ" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nəticədə "VAZ" markalı avtomobildə şəxsiyyətləri məlum olmayan sürücü və avtomobildə olan 2 nəfər sərnişindən birinin cəsədi, "Nissan" markalı avtomobildə olan 2 nəfər sərnişindən biri ağır bədən xəsarətləri ilə və 1 nəfərin meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Nissan" markalı avtomobilin sürücüsü və "VAZ" markalı avtomobildə olan 1 nəfər sərnişin ağır bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən avtomobillərdən çıxarılaraq Masallı rayon Mərkəzi xəstəxanasına aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 13:00 radələrində, Ələt-Astara magistral yolunun 159-cu km-də, rayonun Binə Xocavar kəndindən keçən hissəsində baş verib.

Hadisə zamanı Cəlilabad rayon sakinin idarə etdiyi "15 BN 751" dövlət nömrə nişanlı "VAZ-21099" markalı avtomobillə Yardımlı rayon sakininin idarə etdiyi, "10 ON 465" dövlət nömrə nişanlı "Nissan Xtrail" markalı avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər hadisə yerində ölüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və Səhiyyə Nazirliyin Cənub Regional Mərkəzinin, Təcili Tibbi Yardım briqadası cəlb olunub. Cəsədlər ciddi deformasiyaya uğramış avtomobilin salonundan FHN əməkdaşları tərəfindən xüsusi alət və avadanlıq vasitəsilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralılar xəstəxanaya gətirilən zaman onlardan biri yolda dünyasını dəyişib.

Foto: CTV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti