...

Aeroport şossesində mikroavtobusların toqquşması nəticəsində 8 nəfər ağır yaralanıb

Hadisə Materials 23 May 2006 13:54 (UTC +04:00)

Mayın 23-də səhər saat 10.00 radələrində Bakı şəhəri, Aeroport şossesində mikroavtobusların toqquşması nəticəsində 8 sərnişin ağır yaralanıb. Bakı şəhər Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi Vaqif Əsədovun Trend ə verdiyi məlumata görə, toqquşan nəqliyyat vasitələri 66 və 317 saylı marşrut üzrə hərəkət edən "Mersedes" markalı mikroavtobuslar olub.

"Hadisə Suraxanı dairsindən Ramana qəsəbəsi istiqamətinə gedən yolda - Samir Əliyev küsəsində baş verib. Şahidlərin dediyinə görə, hadisəyə səbəb 66 saylı marşrut üzrə hərəkət edən "Mersedes" markalı, 10 TG651 dövlət nömrə nişanlı mikroavtobusun sürəti aşması nəticəsində baş verib. Hazırda faktla əlaqədar cinayət işi qaldırılıb" - deyə V.Əsədov söyləyib.

Qeyd edək ki, yaralılardan 6-sı 3 saylı Şəhər Klinik Xəstəxanasının, 2-si isə Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

3 saylı Şəhər Klinik Xəstəxananın reanimasiyə şöbəsinin müdiri Namiq Dəmirçiyevin sözlərinə görə, hadisə ilə əlaqədar əvvəlcə xəstəxanaya ağır vəziyyətdə 8 xəstə daxil olub.

"Həmin xəstələrdən 2-sini Neyrocərrahiyyə Xəstəxanasına göndərmişik. Xəstələrə müvaıfiq yardımlar göstərilib. Hazırda xəstələrin vəziyyəti ağır olaraq qalır" - deyə şöbə müdiri bildirib.

Yaralıların xəsarətləri əsasən ətrafların sınıqlarından, kəllə-beyin travmasından və döş qəfəsinin əziyindən ibarətdir".

Xəbər lenti

Xəbər lenti