...

Ermənistanın Cənubi Qafqazda gərginliyi artıran addımları barədə AŞPA-da müzakirələr aparılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2008 17:11 (UTC +04:00)
Ermənistanın Cənubi Qafqazda gərginliyi artıran addımları barədə AŞPA-da müzakirələr aparılacaq

Fransa, Strasburq, 17 aprel / Trend , müxbir A.Məhərrəmli, S.İlhamqızı/ "Ermənistanın Cənubi Qafqazda gərginliyin artmasına dair addımları haqqında" Qətnamə layihəsi AŞPA-nın Bürosunda və Avropa Şurasının digər strukturlarında müzakirə olunacaq. Bu barədə Trend a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva açıqlama verib.

Onun sözlərinə görə, Qətnamə layihəsi Avropa Şurasının ən ciddi sənədlərindən hesab olunur. "Prosedur qaydalarına görə, bu sənəd beş üzv dövlətin 20 deputatı tərəfindən imzalanmalıdır. Sənəd AŞPA-nın Bürosunda müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Bu sənədə başda İtaliya, Moldova, Litva, Almaniya, Türkiyədən olan deputatlar imza atıblar. Biz isə daha çox imza toplamağa nail olduq"-deyə Paşayeva bildirib.

Onun sözlərinə görə, sənəddə qeyd olunur ki, Ermənistan hakimiyyəti beynəlxalq hüququn norma və prinsiplərinə, AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərinə, AŞPA-nın qəbul etdiyi 1416-cı Qətnaməyə, BMT qətnamələrinə zidd olaraq, eyni zamanda, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında aparılan danışıqlar prosesini zərbə altına qoyaraq, Ermənistan prezidentliyinə seçkiləri işğal etdiyi Azərbaycan ərazilərində də keçirib.

Həmçinin bildirilir ki, Ermənistan hakimiyyəti seçkilərdən dərhal sonra ölkədə elan etdiyi fövqəladə vəziyyət rejiminə beynəlxalq təşkilatların, ictimaiyyətin sərt reaksiyasını gördükdən sonra, diqqəti yayındırmaq məqsədi ilə işğal etdiyi Azərbaycan ərazisində qurduğu mövqelərindən Azərbaycan silahlı qüvvələrinə və mülki insanlara hücumlar edib. Nəticədə ölən və yaralananlar olub, bölgədə vəziyyət gərginləşib.

Sənəddə göstərilir ki, Ermənistan gərginliyin artmasına yönələn addımları davam etdirir, mütəmadi olaraq atəşkəs rejimini pozur, bununla da danışıqların dinc yolla həlli prosesini zərbə altına qoyur.

Paşayevanın sözlərinə görə, sənddə həmçinin bildirilir ki, Ermənistanın yeni prezidenti Serj Sarkisyan həm seçkiqabağı çıxışlarında, həm də inauqurasiyasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə deyil, vəziyyətin daha da gərginləşməsinə yönələn, danışıqları zərbə altına qoyan açıqlamalar verib.

Daha sonra sənəddə göstərilir ki, Ermənistan Parlamentində keçirilmiş müzakirələr münaqişə ilə bağlı vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan parlamenti hesab edir ki, Ermənistan işğal etdiyi ərazilərə əhalini sürətlə köçürməlidir, bununla da Azərbaycan çıxılmaz vəziyyətə salına və fakt qarşısında qoyula bilər.

Paşayevanın sözlərinə görə, "Ermənistanın Cənubi Qafqazda gərginliyin artmasına dair addımları haqqında" sənədə imza atan deputatlar məsələ qaldırırlar ki, AŞPA Ermənistanın bu addımlarına qiymət versin və bu hərəkətləri dayandırmaq üçün daha sərt tədbirlərə, mexanizmlərə əl atsın.

Bu sənəd müzakirə üçün AŞPA Katibliyinə təqdim olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti