...

Ermənistan SQ-nin məhdud zaman çərçivəsində işğal olunmuş ərazilərdən çıxması Qarabağ probleminin həlli üçün açar ola bilər - Azərbaycanın XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2009 14:50 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin məhdud zaman çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması regionun geniş inkişaf etməsinə imkan verəcək və bu, Dağlıq Qarabağ probleminin tezliklə həll olunması üçün açar ola bilər. Bu barədə çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Afinada ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edərkən deyib.
Ermənistan SQ-nin məhdud zaman çərçivəsində işğal olunmuş ərazilərdən çıxması Qarabağ probleminin həlli üçün açar ola bilər - Azərbaycanın XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Red. əlav.: altıncı abzasdan sonra əlavə olunub

Yunanıstan, Afina, 02 dekabr / Trend , müxbir E.Hüseynov/

Ermənistan Silahlı Qüvvələrinin məhdud zaman çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması regionun geniş inkişaf etməsinə imkan verəcək və bu, Dağlıq Qarabağ probleminin tezliklə həll olunması üçün açar ola bilər. Bu barədə çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Afinada ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edərkən deyib.

"Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda əsas tarixi qeyri-stabillikdir və ölkələrin Avropa cəmiyyətinə inteqrasiyasına mane olur", - nazir deyib.

Məmmədyarov Azərbaycan ərazisinin 20 faizinin işğal altında olması, həmin rayonlardakı tarixi-mədəni dəyərlərin məhv edilməsi və 1 milyondan çox qaçqın və məcburi köçkünlərin taleyi ilə bağlı dərin təəssüfünü ifadə edib.

Nazirin sözlərinə görə, münaqişəyə dair danışıqlar prosesi bu il həm prezidentlər, həm də xarici işlər nazirləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri səviyyəsində intensivləşib.

"Rəsmi Bakı danışıqlar prosesinin gələcək intensivliyini dəstəkləyir", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

"Mən son danışıqların müsbət dinamikasını, o cümlədən Minsk qrupu çərçivəsində həmsədrlərin danışıqlar prosesinin intensivləşdirilməsi barədə qərarını qiymətləndirirəm", - nazir deyib.

Onun sözlərinə görə, Bakı Azərbaycanın Dağlıq Qarabağ regionunda Erməni və Azərbaycan icmasının birgə sülh şəraitində yaşaması əsasında konstruktiv siyasət yürüdür. "Bu siyasət Dağlıq Qarabağın Azərbaycan çərçivəsində özünüidarəsini təmin edərək Ermənistanla Azərbaycan arasındakı əlaqələrin normallaşması üçün əsas yaradır. Bu, həll edilmə və gərginliyin əhəmiyyətli dərəcədə azalması üçün ədalətli əsas olardı", - nazir deyib.

Azərbaycanın XİN rəhbəri öz çıxışında ATƏT dövlət başçılarının görüşlərinin davam etməsini, həmçinin nazirlər səviyyəsində "Korfu prosesi"nə dair qeyri-rəsmi görüşlərin keçirilməsini dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti