Azərbaycan, Bakı, 10 may /Trend/
Mayın 9-da Fransanın aparıcı "beyin mərkəzi"ndə - Fransa Beynəlxalq Münasibətlər İnstitutunda (IFRI) "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması: Dağlıq Qarabağın Azərbaycan icmasının baxışı" mövzusunda konfrans keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunan tədbir Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 19-cu ildönümünə həsr olunub. Tədbirin təşkilinin əsas məqsədi münaqişənin həllində Azərbaycanın Dağlıq Qarabağdakı maraqlı tərəfinin mövqeyini Fransa paytaxtındakı akademik və siyasi dairələrin nümayəndələrinin diqqətinə çatdırmaq olub.
Yerli və xarici politoloqlar, IFRI-nin elmi əməkdaşları ilə yanaşı, XİN, Fransa parlamenti nümayəndələri və Parisdə akkrediktə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının da qatıldığı tədbirin iştirakçıları qarşısında məruzə ilə əslən şuşalı, Budapeşt Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər və Avropa araşdırmaları üzrə magistrantı Təbib Hüseynov çıxış edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında aparılan danışıqlarda Ermənistanın tutduğu destruktiv mövqe ilə bağlı yaranan mürəkkəb vəziyyətin xüsusiyyətləri üzərində dayanıb, habelə özünün şəxsi baxışlarını, eləcə də Dağlıq Qarabağın 65 minlik azərbaycanlı icmasının nizamlanma prosesi qarşısında duran çağırışları və problemlərinin, onların aradan qaldırılması yollarının, etnik təmizləmə nəticəsində Azərbaycanın bu ayrılmaz hissəsindən qovulan azərbaycanlı əhalinin prioritetləri prizmasından baxışlarını bölüşüb.
Natiqin çıxışı böyük maraqla qarşılanıb. Bundan sonra Hüseynov auditoriyanın, eləcə də Fransadakı erməni diasporunun nümayəndələrinin çoxsaylı suallarına ətraflı cavab verib.
Daha sonra çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov IFRI rəhbərliyinə göstərilən əməkdaşlığa görə təşəkkürünü bildirib və qeyd edib ki, İnstitut tərəfindən ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq ermənilərlə yanaşı münaqişənin maraqlı tərəflərindən biri olan Dağlıq Qarabağın azərbaycanlı icmasına platforma verilməsi son vaxtlar tez-tez erməni hakimiyyəti və diasporu tərəfindən beynəlxalq, eləcə də Fransa ictimaiyyətini çaşdırmağa yönəlmiş münaqişənin nizamlanmasının mahiyyətinin, xarakterinin, tarixi və hazırkı vəziyyətinin bilərəkdən təhrif edilməsi cəhdlərinə ciddi zərbədir. Azərbaycanın Dağlıq Qarabağ regionunun 65 minlik azərbaycanlı icmasının köklü maraqları nəzərə alınmadan və onların təhlükəsiz, tam və maneəsiz Şuşadakı və Dağlıq Qarabağın azərbaycanlılara məxsus digər yaşayış məntəqələrindəki öz doğma evlərinə qayıdışı olmadan münaqişənin tənzimlənməsi mümkün deyil.
Tədbirin sonunda İnstitutun direktor müavini Filip Moro Defarj Azərbaycan nümayəndələrinə yüksək səviyyəli çıxışlarına və suallara verdikləri ətraflı, qısa və aydın cavablara görə dərin təşəkkürün bildirib, Dağlıq Qarabağın azərbaycanlı icması ilə bu tip əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə ümidini ifadə edib.