...

Dini liderlərin Dağlıq Qarabağ münaqişəsi tərəflərinə çağırışı elə çağırış olaraq qalacaq - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2011 16:27 (UTC +04:00)
Dini liderlərin Dağlıq Qarabağ münaqişəsi tərəflərinə qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi barədə çağırışı elə çağırış olaraq qalacaq.
Dini liderlərin Dağlıq Qarabağ münaqişəsi tərəflərinə çağırışı elə çağırış olaraq qalacaq - ekspert

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Tarıverdiyeva/

Dini liderlərin Dağlıq Qarabağ münaqişəsi tərəflərinə qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi barədə çağırışı elə çağırış olaraq qalacaq. Trend-in məlumatına görə, bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin Avropa bürosunun rəhbəri Orxan Səttarov deyib.

Noyabrın 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qareginın iştirak etdiyi regional dini liderlərin üçtərəfli görüşündə tərəflər əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunublar. Yekun bəyannamədə qoşunların təmas xəttindən snayperlərin geri çəkilməsi məsələsi öz əksini tapıb. Söhbət zamanı Azərbaycan tərəfinin növbəti görüşün təmas xəttində keçirilməsi təklifi təqdim edilib. Erməni tərəfi bu təklifi alqışlayıb.

"QMİ sədri Allahşükür Paşazadə və onun həmkarlarının çağırışı elə çağırış olaraq qalacaq. Snayperlərin geri çəkilməsi barədə sonuncu qərarı ölkənin hərbi rəhbərliyi qəbul edəcək", - Səttarov bildirib.

Ekspertin sözlərinə görə, beynəlxalq ictimaiyyət tərəfindən də irəli sürülən bu cür təşəbbüslər yeni deyil, lakin Azərbaycan onları qəbul etməyib.

"Azərbaycanın mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsinin özünü nizamlamaq lazımdır, onun nəticələrini yox", - o vurğulayıb.

Ekspert bildirib ki, Azərbaycan həmişə danışıqlar tərəfdarı olub, lakin Qərb Azərbaycanı "hərbi ritorika"ya görə qınamaqdan yorulmur.

"Lakin bu heç də hərbi ritorika deyil, belə ki, Azərbaycan yalnız işğal edilmiş əraziləri öz nəzarəti altına qaytarmağın özünün konstitusiya haqqı olduğunu bildirir. Lakin Qərbdə istənilən güc tətbiqi hədəsi mənfi qəbul edilir. Qərbin hər bir ölkəsinin öz maraqları və vəziyyətə öz yanaşmaları var. Bu, yüksək səviyyədə də deyilən ikili standart siyasətidir. Azərbaycan onlara enerji resurslarının hasilatı və tranziti baxımından vacibdir", - Səttarov hesab edir.

Onun fikrincə, son vaxtlar Azərbaycan güc tətbiq etmə hədəsindən daha təkidli sülh diplomatiyasına keçməyə qərar verməklə siyasətini dəyişib. Bakının sonuncu sülh təşəbbüsü nümunəsi Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələrinin görüşünün keçirilməsi cəhdi olub.

"Bu görüş noyabrın 28-də keçirilməli idi, lakin Dağlıq Qarabağın erməni icması görüşə qatılmadı. Amma Bakı məhz belə siyasətin köməyi ilə özünün konstruktivliyini, Yerevanın isə destruktivliyini göstərə bilər" , - o deyib.

Səttarovun sözlərinə görə, başlanğıcda Ermənistanın siyasəti Dağlıq Qarabağ münaqişəsinin konservasiyasına yönəlmişdi. Yerevan nizamlama prosesinin dondurulması üçün həmişə imkanlar axtaracaq və Ermənistanda qarşıdakı parlament və prezident seçkiləri danışıqları uzatmaq üçün daha bir bəhanə olacaq.

"Buna görə də mən seçkilərə qədərki dövrdə nizamlamada irəliləyiş gözləmirəm", - ekspert əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti