...

Novruz Məmmədov: Çox təəssüf ki, ikili standartlar Dağlıq Qarabağ münaqişəsində özünü göstərir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2011 18:44 (UTC +04:00)
Azərbaycan ATƏT-ə üzv olan ölkələri Dağlıq Qarabağ probleminin həlli məsələsində ikili standartlardan əl çəkməyə çağırır.
Novruz Məmmədov: Çox təəssüf ki, ikili standartlar Dağlıq Qarabağ münaqişəsində özünü göstərir

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan ATƏT-ə üzv olan ölkələri Dağlıq Qarabağ probleminin həlli məsələsində ikili standartlardan əl çəkməyə çağırır.

"Təəssüf doğuran bir şeyi demək istəyirəm ki, bəzi Qərb dövlətləri, xüsusilə, ATƏT-ə üzv olan dövlətlər, beynəlxalq təşkilatlar, elə həmsədr dövlətlər də son zamanlar XXI əsrdə dünyada gedən prosesləri təhlil edərək bu münaqişəyə özlərinin qurub yaratdıqları beynəlxalq hüquq çərçivəsində yanaşırlar. Mənə elə gəlir ki, onlar "özünüz razılaşın ki, sizi dəstəkləyək" təklifindən artıq əl çəkməlidirlər", - bunu cümə axşamı Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Vilnüsdə keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının yekunlarını şərh edərkən Trend-ə müsahibəsində deyib.

Məmmədovun sözlərinə görə, onlar özləri də yaxşı bilməlidirlər ki, belə bir təklifi ortaya qoyaraq müxtəlif yollarla Ermənistan tərəfini dəstəkləmək, onunla müxtəlif gizli danışıqlar aparmaq, müxtəlif təkliflər vermək, müxtəlif nazirləri bir yerə yığıb protokollar imzalatmaq ümumi işə - Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmir.

PA-nın şöbə müdiri bildirib ki, çox təəssüf olsun ki, ikili standartlar bu gün dünyada gedən bütün proseslərdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsində özünü göstərir.

Məmmədov bildirib ki, Vilnüsdə keçirilən ATƏT Xarici İşlər Nazirlərinin Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözünü deməli idi.

"Təşkilatın qəbul etdiyi sənəddə həmsədrlər münaqişənin həlli ilə bağlı tərəfləri daha fəal olmağa çağırıblar. Bu da təbiidir, çünki belə bir çağırış üçün ATƏT-in əlində əsas var. Son 7 il ərzində gedən danışıqlar prosesində Azərbaycan danışıqların sülh kontekstində aparılması üçün bütün konstruktiv addımları atdı, hansılara ki, Azərbaycan əvvəllər çox çətinliklə razılaşırdı - Azərbaycan Madrid prinsiplərinin qəbul etdikdən, qarşılıqlı etimad tədbirlərinin görülməsini müəyyən şərtlərlə müəyyən etdikdən sonra Ermənistan tərəfi bütün bunlardan imtina edir, etimad tədbirlərinə qatılmaq istəmir. Beləliklə də Ermənistan tərəfi ona lazım olan, söykənə biləcəyi bütün amillərdən məhrum olur", - Məmmədov açıqlamasında bildirib.

PA rəsmisi bildirib ki, Vilnüs bəyanatı, eyni zamanda, yeganə bir addım olmamalıdır.

"ATƏT-ə üzv olan, həmsədr dövlətlər başa düşürlər ki, nə qədər addımlar atılsa da, hansı bəyanatlar verilsə də, təkliflər irəli sürülsə də, göründüyü kimi, Ermənistan yenə də öz məkrli niyyətlərini qoruyub saxlamaqda davam edir, danışıqlar prosesinin uzadılmasına çalışır və bunun üçün də bütün imkanlardan istifadə edir", - Məmmədov bildirib.

Vilnüsdə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi və Dağlıq Qarabağ münaqişəsi tərəflərinin qəbul etdiyi birgə bəyanat münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin Minsk qrupu çərçivəsində davam etdirilməsinə çağırır.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü perspektivinə gəlincə, PA rəsmisi deyib ki, danışıqlar prosesinin davam etdirilməsi bütün hallarda lazımdır.

"Bunsuz münaqişəni həll etmək daha çətin olar. Baxmayaraq ki, Azərbaycanın danışıqlar prosesində əsas iradəsi münaqişənin sülh yolu ilə həllində cəmlənib, amma Azərbaycanın səbri və dözümü də bir o qədər çox deyil. Azərbaycan hansı yolla olursa-olsun, öz torpaqlarını geri qaytarmalıdır. İndi bununla bağlı çox mühüm vəzifə həmsədrlərin üzərinə düşür. Münaqişənin həll edilməməsi bir tərəfdən Ermənistanın üzərinə çox böyük məsuliyyət qoyur, Ermənistan rəhbərliyi dünya ictimaiyyətinin gözündə kim və nə olduğunu sübut edir. Digər tərəfdən, onlar belə bir yolla özünü uçurumun lap astanasına gətirib çıxarırlar. Onların yalnız bir məqsədi var - hakimiyyətdə qaldıqları müddəti uzatmaq", - Məmmədov bildirib.

Məmmədov hesab edir ki, hər vəziyyətdə danışıqlar prosesini davam etdirmək labüddür.

"Lakin mən ehtiyat edirəm ki, Ermənistan tərəfi danışıqlar prosesini uzatmağa çalışacaq. Həmsədr ölkələrdə müəyyən proseslər gedir - maliyyə böhranı, prezident seçkiləri və bütün bunlar danışıqlara təsir göstərəcək faktorlardır. Azərbaycan bütün hallarda danışıqlar prosesini davam etdirməyə hazırdır. Düşünürəm ki, həmsədrlərin də apardıqları işin nə zamansa nəticə verəcəyi ümidi ilə belə bir görüşün hazırlanması istiqamətində müəyyən addımlar atmalıdır. Nəzəri cəhətdən belə bir görüşün MDB dövlət başçılarının Moskvada qeyri-formal sammiti çərçivəsində keçirilməsi mümkündür, çünki prezidentlərin hər ikisi orada iştirak edəcək və belə bir görüşün keçirilməsinə ehtiyac var. Lakin həmsədrlər bununla bağlı kifayət qədər iş apara biliblərmi? Ermənistan tərəfi danışıqları davam etdirmək üçün müəyyən addımlar atmağa hazırdırmı?", - Məmmədov deyib.

Danışıqlar prosesinə yeni struktur və təşkilatların cəlb olunmasının mümkünlüyünə gəlincə, Novruz Məmmədov bildirib ki, Azərbaycan, əlbəttə, Minsk qrupunun fəaliyyətindən heç də həmişə razı qalmayıb, amma, eyni zamanda, etiraf etmək lazımdır ki, vasitəçilər də problemin həllinə çalışırlar.

"Minsk qrupu əslində üç ölkənin diplomatlarıdır və onların elə böyük bir mandat və resursları yoxdur. Mən düşünürəm ki, onlara bu mandatı ATƏT və həmin ölkələrin rəhbərləri verməlidir. Digər tərəfdən, münaqişənin Avropanın təhlükəsizliyinə problem olduğunu görərək, gərək bir qədər yanaşmalar dəyişsin. Bilirsiniz, İkinci Dünya müharibəsindən sonra həmin bu Minsk qrupuna bu gün daxil olan dövlətlər beynəlxalq hüquq deyilən bir mexanizm hazırlayıblar ki, dövlətlərarası münasibətlərin həllində onlardan istifadə olunsun. Çox təəssüflər olsun ki, bu gün həm beynəlxalq təşkilatların işində, həm həmsədrlərin fəaliyyətində bu beynəlxalq hüquqa müəyyən qədər bir laqeydlik görürəm, beynəlxalq hüququn istifadəsi ilə bağlı müəyyən qədər tərəddüd görürəm. Və bunu başa düşə bilmirəm. "Gedin özünüz həll edin, biz sizi dəstəkləyərik" prinsipindən əl çəkməyin vaxtı çatıb. Münaqişə olub, münaqişə tərəflərindən hansısa məsuliyyət daşıyır, hansısa cavab verməlidir - bunu müəyyənləşdirib mövqe bildirmək lazımdır. Bu zaman münaqişənin həllinə əlbəttə ki, asanlıqla nail olmaq olar", - Məmmədov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Novruz Məmmədovun bəyanatını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində - www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti