...

Berlində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2013 11:09 (UTC +04:00)
Berlin şəhərində "Türk evi"ndə Xocalı faciəsi ilə bağlı çoxlu sayda insanın qatıldığı anım tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirin təşkilatçıları "Almaniya azərbaycanlılarının koordinasiya mərkəzi", "Atatürk Düşüncə Dərnəyi Berlin - Branderburq mərkəzi" və "Almaniya Türk –Azəri Birliyi" və digər qurumlar olublar
Berlində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Berlin şəhərində "Türk evi"ndə Xocalı faciəsi ilə bağlı çoxlu sayda insanın qatıldığı anım tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirin təşkilatçıları "Almaniya azərbaycanlılarının koordinasiya mərkəzi", "Atatürk Düşüncə Dərnəyi Berlin - Branderburq mərkəzi" və "Almaniya Türk -Azəri Birliyi" və digər qurumlar olublar.

Tədbirə Azərbaycanın Almaniyadaki səfirliyinin və Türkiyə Cümhuriyyəti Berlin Baş Konsulluğu da yaxından dəstək verib.

Tədbir şəhidlərin bir dəqiqəlik anılması ilə başlayıb, daha sonra Azərbaycan və Türkiyə Cümhuriyyətinin himnləri səsləndirilib.

Tədbirdə Azərbaycanın Almaniyadaki səfiri Pərviz Şahverdiyev, Türkiyə Cümhuriyyəti Berlin Baş Konsulu Əhmed Basar Şən, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təmsilçisi Kamal Gökəli, "Almaniya azərbaycanlılarının koordinasiya mərkəzi"nin rəhbəri Samirə İsmayılova açılış nitqi söyləyiblər.

Bundan sonra Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirilib.

Daha sonra professor Hakki Keskin tədbiri açaraq sözu Azərbaycandan gəlmiş millət vəkilləri Qənirə Paşayeva və Rövşən Rzayevə verib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı soyqrımını tanıması üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, Xocalı soyqırımını törədənlər təkcə tarix qarşısında deyil, ədalət qarşısında hesab verməlidirlər: "Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur".

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Xocalı soyqırımının, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili XX əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, eyni əsrin sonunda isə müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımılardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var - birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

"Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub, harada yaşamasından asılı olmayaraq, bütün türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", - deyə millət vəkili əlavə edib.

Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə, Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, sürətləndirilməsinin vacibliyini qeyd edib.

Millət vəkili Rövşən Rzayev isə ermənilərin 21 il əvvəl dinc azərbaycanlılara qarşı qətliam törətdiklərini, Xocalı faciəsinin insanlığa qarşı edilmiş bir cinayət olduğunu və bu cinayəti törədənlərin ədalət qarşısında cavab vermələrinin vacibliyini qeyd edib, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda söz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti, tarixçi Məhərrəm Zülfüqarlıya verilib.

Natiq Azərbaycan xalqına qarşı ermənilərin tarixən törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş şeirlər səslənib, kitablar təqdim olunub, suallara cavab verilib.

Qeyd edək ki, analoji tədbirlərin Almaniyanın Frankfurt, Maqdenburq və Hamburq şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti