...

Elmira Süleymanova: Aurelia Qriqoriunun Ermənistan tərəfindən terror hədələlərinə məruz qalmasına beynəlxalq qurumlar laqeydlik göstərməməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2013 11:30 (UTC +04:00)
Moldovalı ombudsman xanım Qriqoriu Aurelianın Ermənistan tərəfindən təhdid, təzyiq və terror hədələlərinə məruz qalması ilə bağlı məsələyə heç bir beynəlxalq qurum laqeyd qalmamalıdır.
Elmira Süleymanova: Aurelia Qriqoriunun Ermənistan tərəfindən terror hədələlərinə məruz qalmasına beynəlxalq qurumlar laqeydlik göstərməməlidir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.İzzət/

Moldovalı ombudsman xanım Aurelia Qriqoriunun Ermənistan tərəfindən təhdid, təzyiq və terror hədələlərinə məruz qalması ilə bağlı məsələyə heç bir beynəlxalq qurum laqeyd qalmamalıdır. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

Onun fikrincə, Moldovalı ombudsmanın Ermənistan tərəfindən təhdid, təzyiq və terror hədələlərinə məruz qalması ilə bağlı Azərbaycan ilk növbədə dünya birliyinə müraciət etməlidir: "Azərbaycan, Ermənistan, Moldova da həm Avropa Şurası, həm ATƏT-in, həm də BMT-nin üzvləridir. Ona görə də heç bir beynəlxalq qurum buna laqeyd qalmamalıdır."

Ombudsmanın sözlərinə görə, sentyabrın 2-5-də Kiyev şəhərində Avropa İttifaqının təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində böyük bir tədbir keçiriləcək: "Mən orada bu məsələni qaldıracam ki, tərəfdaşlıq ən əvvəl qarşılıqlı etibara, qarşılıqlı dəstəyə əsaslanmalıdır. Əgər biz bunu praktiki olaraq həyata keçirmiriksə, belə müzakirələrin nə mənası var?! Elə bir münaqişə varmı ki, o yalnız bir dövlətə aid olsun? Ona görə də moldovalı ombdusman Aurelia Qriqoriunun Ermənistan parlamentində qaldırdığı məsələ, elə Dağlıq Qarabağ məsələsi, Moldovadakı Dnestryanı məsələsi də bu qəbildəndir."

Ombudsmanın fikincə, təkcə xanım Aurelianı bir şəxs kimi müdafiə etmək deyil, hərçənd o da bir məqsəddir, ümumiyyətlə ictimai rəydə bir dönüş yaratmaq lazımdır ki, hamı ümumbəşəri, tanınmış dəyərlərə, BMT-nin sülh, inkişaf siyasətinə riayət etsin. Bundan bir dövlət, bir xalq deyil, hamı bəhrələnəcək.

Elmira Süleymanovanın fikrincə, ümumiyyətlə vəziyyətdən çıxış yolu Ermənistanın öz əqidəsini dəyişməsindən keçir: "Ermənistan hökuməti və xalqı artıq öz əqidəsini dəyişməlidir. Artıq dərk etməlidirlər ki, bu münaqişə nə qədər uzansa da, bunun sonu sülhdür. Nə qədər uzansa da, bunun sonu torpaqların qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu isə təkcə Azərbaycana yox, Ermənistana da xeyirlidir, regiona da xeyirlidir, bütün dünyaya bir xeyirdir. Dövlətlərin siyasətində belə bir dönüş əmələ gəlsə, bu bütövlükdə davamlı inkişaf üçün böyük dəstək olacaq."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti