...

Deputat Asim Mollazadə: "Türkiyədə keçirilən növbədənkənar parlament seçkiləri ölkənin inkişafında yeni bir dövrün başlanğıcı olacaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2007 15:13 (UTC +04:00)
Deputat Asim Mollazadə: "Türkiyədə keçirilən növbədənkənar parlament seçkiləri ölkənin inkişafında yeni bir dövrün başlanğıcı olacaq"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Türkiyədə keçirilən növbədənkənar parlament seçkiləri ölkənin inkişafında yeni bir dövrün başlanğıçı olacaq. Bu barədə bazar ertəsi Bakıda Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Mollazadə qeyd edib ki, seçkilərdə qalib gələn Ədalət və İnkişaf Partiyası (AKP) xalqın ona verdiyi dəstəyi ilk növbədə əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldəcək.

Millət vəkilinin fikrincə, seçkilərdən sonra Türkiyənin siyasi qüvvələri, ordu və hökumət arasında demokratiyaya xas olmayan hər hansı qarşıdurma olmayacaq.

"Seçkilər xalqın iradəsini ortaya qoyub və bunun əsasında da Türkiyədə hökumət formalaşdırılacaq" - deyə Mollazadə əlavə edib.

AKP-nin dünyəvi dövlətçilik prinsipinə hər hansı təhlükə yaratmasına gəlincə, deputat hesab edir ki, belə bir hal yaranarsa, Türkiyədə bunun qarşısını almaq iqtidarında olan müxalifət var: "Türkiyə Silahlı Qüvvələri ilə yanaşı konstitusion dövlət quruluşunu müdafiə edən digər qüvvələr də var. Ona görə də Türkiyənin dünyəvi dövlətçilik prinsipinə hər hansı təhlükə yaranmayacaq".

Onun qənaətinə görə, yaxın vaxtlarda Türkiyənin növbəti prezidenti seçiləcək.

Mollazadə qeyd edib ki, NATO-nun üzvü olan Türkiyənin xarici siyasətində ciddi dəyişikliklərin baş verəcəyini gözləmək olmaz. Millət vəkili seçkilərdən sonra Türkiyənin terrorla mübarizədə sərt mövqeyini davam etdirəcəyini qeyd edib.

Millət vəkili əlavə edib ki, Türkiyə-Azərbaycan münasibətləri hər hansı seçkilərdən və bu seçkilərdə kimin qalib gəlməsindən asılı deyil. Bu daha çox bir millət olmaq amili ilə bağlıdır. Ona görə də Türkiyənin istənilən hökuməti xalqın iradəsinə əsaslanaraq iki dövlət arasında münasibətləri ən yaxın müttəfiqlik formasında quracaq.

Bazar günü Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilib. Son hesablamalara görə, iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) səslərin 46,6 faizini qazanaraq parlamentdə 340 millət vəkili ilə təmsil olunacaq. İkinci yerdə olan Cumhuriyyət Xalq Partiyası (CHP) səslərin 20,8 faizini qazanıb və parlamentdə 112 millət vəkili ilə təmsil olunacaq. 14,3 faiz səs alaraq üçüncü yeri tutan Milliyətçi Hərakat Partiyası (MHP) Böyük Millət Məclisində 72 deputatla təmsil olunacaq. Parlamentə 27 nəfər müstəqil deputat da seçilib ki, onların əksəriyyəti kürd separatçılarını müdafiə edir.

Xəbər lenti

Xəbər lenti