...

Rusiya XİN başçısı: "ABŞ raket əleyhinə müdafiə ilə bağlı alternativ təklif irəli sürüb"

Siyasət Materials 12 Oktyabr 2007 20:41 (UTC +04:00)
Rusiya XİN başçısı: "ABŞ raket əleyhinə müdafiə ilə bağlı alternativ təklif irəli sürüb"

Azərbaycan, Bakı / Trend / Bu gün Moskvada "2+2" formatında Rusiya ilə ABŞ arasında strateji təhlükəsizlik problemlərinə dair aparılan danışıqlar başa çatıb. Müzakirələrdə Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Kondoliza Rays, habelə hər iki ölkənin müdafiə nazirləri iştirak edib. Məsləhətləşmələrdə əsas diqqət raket əleyhinə müdafiə ilə bağlı problemlərə yönəlib. Danışıqlardan sonra məsləhətləşmələrin yekunlarına dair brifinq keçirilib. Sabah məsləhətləşmələrin davam etdiriləcəyi gözlənilir.

Jurnalistlərin suallarını cavablandıran Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, ABŞ qarşılıqlı suallara cavabların axtarılıb-tapılmasına yönəlik raket əleyhinə müdafiə ilə bağlı alternativ təklif irəli sürüb.

"Bu gün amerikalı həmkarlarımız qarşılıqlı suallara cavabların axtarılıb-tapılmasına yönəlmiş öz təkliflərini irəli sürüblər " - deyə nazir vurğulayıb.

Lavrov bildirib ki, Rusiya tərəfi bu təklifi nəzərdən keçirəcək.

Öz növbəsində ABŞ dövlət katibi Kondoliza Rays bəyan edib ki, Rusiya ilə ABŞ Moskvadakı "2+2" formatındakı məsləhətləşmələrdə raket əleyhinə müdafiə məsələləri ilə bağlı anlaşma əldə edə bilməyiblər.

"Moskva sazişinin şərtlərinin nəzərdə tutduğu raket əleyhinə müdafiə, habelə nüvə başlıqları ilə bağlı məsələlərə dair anlaşma əldə olunmadı. Lakin biz qərara gəldik ki, ekspertlərimiz mümkün qədər tez bu məsələləri müzakirə etsinlər" - deyə Rays vurğulayıb.

Onun sözlərinə görə, bugünkü görüşdə ABŞ tərəfi Rusiyanın narahatçılığına səbəb olan suallara cavab verməyə cəhd göstərib. "Biz anlayırıq ki, burada da ekspertlərə işi yekunlaşdırmağı tapşırmaq lazımdır" - deyə Rays qeyd edib.

"Polşa və Çexiyaya gəldikdə isə biz müvafiq istiqamətdə işi davam etdiririk və sözsüz ki, bu işə Rusiyanın narahatçıqlarını da daxil edəcəyik"-deyə ABŞ dövlət katibi vurğulayıb.

O həmçinin ümid edib ki, Birləşmiş Ştatlar bu sistemin mahiyyətini, habelə onların qarşılaşdığı təhlükələrin mahiyyətini Rusiyanın diqqətinə çatdıra biləcək.

Pentaqon rəhbəri Robert Qeyts isə bəyan edib ki, Vaşinqton Moskva ilə birlikdə ABŞ-ın raket əleyhinə müdafiə sisteminin elementlərinin Polşa və Çexiyada yerləşdirilməsi təhlükəsi ilə bağlı Rusiyanın narahatçılıqlarına son qoya biləcək tədbirləri işləməyə hazırdır.

Qeyts qeyd edib ki, ABŞ-ın raket əleyhinə müdafiə sistemi elementlərinin Avropada qısamüddətli perspektivdə yerləşdirilməsi Rusiya üçün təhlükə törətmir, lakin uzunmüddətli perspektivdə törədə bilər.

"Bunun üçün biz birgə tədbirləri işləməyə hazırıq ki, Rusiya tərəfini əmin edə bilək ki, bu, baş verməyəcək" - deyə o bildirib.

Birləşmiş Ştatlar raket əleyhinə müdafiə sisteminin radarını Çexiyada, raketləri isə Polşada yerləşdirməyi planlaşdırırlar. Vaşinqton bu zərurəti İran tərəfindən gələn təhlükə ilə əlaqələndirir. Moskva isə ABŞ-ın arqumentlərini yetərli saymır və raket əleyhinə müdafiə sistemi elementlərinin sərhədləri yaxınlığında yerləşdirilməsini milli təhlükəsizliyə təhlükə kimi qiymətləndirir.

Almaniyada keçirilən G8 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin alternativ qismində ABŞ-a raket əleyhinə müdafiə məqsədi ilə Azərbaycanda icarə əsasında işlətdiyi Qəbələ RLS-nin birgə istifadəsini təklif edib. Rusiya tərəfinin fikrincə, bu, ABŞ-a raket əleyhinə müdafiə sistemi elementlərinin Şərqi Avropada yerləşdirilməsi ideyasından imtina etməyə imkan verir. Sonra Putin ABŞ-a təkcə Qəbələ RLS-i deyil, habelə Rusiyanın cənubunda, Armavirdə inşa edilən raket əleyhinə stansiyanın birgə istifadəsini təklif edib.

Xəbər lenti

Xəbər lenti