...

Rəqib müxalifət partiyaları son aylar ərzində ilk dəfə bir araya gəliblər

Siyasət Materials 19 Oktyabr 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifətin Məşvərət Məclisində və "Azadlıq" blokunda təmsil olunan partiyalar son aylar ərzində ilk dəfə cümə günü bir araya gələrək, Seçki Məcəlləsinə dəyişiliklərlə bağlı vahid təkliflər hazırlamağa qərar veriblər. Bu barədə cümə günü Məşvərət qurumunda təmsil olunan Azərbaycan Demokrat Partiyasından (ADP) məlumat verilib.

Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi məqsədilə, hakimiyyətin və Avropa Şurası Venesiya Komissiyasının birgə təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrın 9-da Bakıda geniş tərkibli müzakirələr təşkil olunacaq. Azərbaycanın müxalifət partiyaları Seçki Məcəlləsinin dəyişdirilməsi ilə bağlı fərqli mövqelərdən çıxış edir və ayrı-ayrılıqda seçki qanunvericiliyinə dair təkliflər layihəsi hazırlayıblar.

Məşvərət Məclisi "Azadlıq" bloku ilə əməkdaşlıq etməsə də, özünün təkliflər layihəsini blokla razılaşdırmaq qərarına gəlib. Məqsəd noyabrın 9-da Bakıda keçiriləcək toplantıda müxalifətin aparıcı partiyalarını birləşdirən Məşvərət Məclisi və "Azadlıq" blokunun eyni mövqelən çıxış etməsinə nail olmaqdır.

Cümə günü ADP-nin qərargahında tərəflər arasında baş tutan görüşdə Məşvərət Məclisində ADP, AMİP və Müsavat partiyalarının təmsilçiləri, "Azadlıq" blokundan isə, Vətəndaş və İnkişaf Partiyasının nümayəndəsi iştirak edib. Görüşdə hər iki tərəfin təkliflərinin ümumiləşdirilməsi və oktyabrın sonuna qədər vahid təkliflər sənədi hazırlanması qərara alınıb. Görüşdə o da qərara alınıb ki, bu müzakirələr oktyabrın 23-də davam etdirilsin.

Məşvərət Məclisində Azərbaycan Naminə İctimai Forum, AMİP, ASDP, ADP, Müsavat, Tərəqqi partiyaları təmsil olunur. Bu formatda əməkdaşılq bu ilin yayında başlayıb.

"Azadlıq" blokunda isə, hazırda üç müxalifətçi partiya - AXCP, ALP və VİP təmsil olunur. 2005-ci ilin parlament seçkisindən əvvəl yaradılmış "Azadlıq" seçki blokuna ADP, Müsavat, AXCP daxil idi. Blok parlament seçkisində saxtakarlıqlar baş verdiyini əsas gətirərək, seçkinin nəticələrini tanımadı, Müsavat Partiyası isə, əksinə qərar çıxararaq, parlamentdə iştirak etdiyi üçün bloku tərk etdi. Seçkidən sonra VİP və ALP "Azadlıq" blokuna daxil olub. Bu ilin yanvarında isə, ADP hakimiyyətlə dialoq aparmağa, iqtidara qarşı mövqeyini loyallaşdırmağa qərar verdiyi üçün, onu "Azadlıq" blokundan xaric ediblər.

Beləliklə, Müsavat və ADP-nin "Azadlıq" bloku ilə soyuqlaşan münasibətləri seçki məcəlləsinin müzakirələri hesabına normallaşa bilər.

2005-ci il parlament seçkilərinin nəticəsinə göstərdikləri fərqli münasibətə görə, əksər müxalifət partiyalarının bir-biri ilə münasibətləri pisləşmişdi. 2005- ci ildən indiyədək "Azadlıq" bloku-Müsavat, ASDP- "Azadlıq" bloku, AMİP-VİP, AMİP-Müsavat və s. şəkildə partiyaların qarşıdurmaları yaşandı. Bütün bu ziddiyyətlərin fonunda həmin partiyaların ilk dəfə bir araya gəlməsini ekspertlər gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində müxalifətin aparıcı qüvvələrinin yaxınlaşması kimi qiymətləndirirlər.

Müxalifətin digər qismi isə, hələlik bu əməkdaşlıqdan kənardadır.

Xəbər lenti

Xəbər lenti