...

Azərbaycan və Ermənistan prezidentləri bir-biri ilə tanış olmasalar da, danışıqlar prosesinin davam etdirilməsinə hazırdırlar - ATƏT-in Minsk qrupunun həmsədri

Siyasət Materials 6 Aprel 2008 01:01 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri bir-biri ilə tanış olmasalar da, danışıqlar prosesinin davam etdirilməsinə hazırdırlar - ATƏT-in Minsk qrupunun həmsədri

Azərbaycan, Bakı, 5 aprel / Trend / ATƏT-in Minsk qrupunun həmsədrləri may ayında bölgəyə səfər etməyə hazırlaşırlar. Bunu ANS -ə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Diplomat Azərbaycan və Ermənistan prezidentləri arasındakı görüşlə bağlı razılaşmanın əldə edilməsini yüksək qiymətləndirib. "Mayda həmsədrlər yenidən bölgəyə gəlməyə hazırlaşırlar. Hazırda prezidentlər və XİN rəhbərlərinin qrafikinin görüşlərin keçirilməsi baxımından uyğun olub-olmaması müəyyənləşdirilir. Ümid edirəm ki, bir neçə həftədən sonra biz gözəl Azərbaycana, habelə Ermənistana səfər edəcəyik", - deyə o bildirib.

Bununla belə Brayza həmsədrlərin bölgəyə səfərinin tarixini dəqiqləşdirməyib. "Səfərin tarixini dəqiq deyə bilmirəm. Hələlik çoxlu işlər var. Çərşənbə günü Ermənistanın yeni seçilmiş prezidentinin inauqurasiya mərasimi keçiriləcək. Sarkisyanın inauqurasiyasından sonra biz Azərbaycan prezidenti və XİN başçısı ilə məsləhətləşmələr keçirməliyik. Müəyyən etməliyik ki, onlar üçün görüşü keçirmək nə vaxt məqbuldur", - deyə diplomat vurğulayıb.

Brayza qeyd edib ki, Sarkisyanın inauqurasiyasından sonra Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçiriləcəyi gözlənilir. Onun sözlərinə görə, bu məsələ Buxarestdə NATO sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyanla keçirilən görüşlərdə əsas müzakirə mövzusu olub. "Bəlli olduğu kimi, gələn həftə Ermənistanın yeni seçilmiş prezidentinin inauqurasiyası keçiriləcək. Bundan sonra prezidentlərin görüşü gözlənilir. Hiss edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri bir-biri ilə tanış olmasalar da, danışıqlar prosesinin davam etdirilməsinə hazırdırlar", - deyən diplomat həmçinin tərəflər arasında danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı razılaşmanın əldə edilməsini yaxşı nəticə adlandırıb.

Brayza Rumıniya paytaxtında aparılan məsləhətləşmələrin nəticəsini yüksək dəyərləndirib. "Prezidentlərin görüşünün keçirilməsi ilə bağlı razılaşma aparılan məsləhətləşmələrin ən yaxşı nəticəsidir. Mən bu iki görüşü ciddi fikir mübadiləsi kimi xarakterizə edərdim", - deyə o əlavə edib.

Amerikalı həmsədr həmçinin Azərbaycan-ABŞ münasibətlərinə toxunub. "Qeyd edə bilərəm ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında sıx əlaqələr var. Biz dostuq və strateji tərəfdaşıq", - deyə diplomat fikrini tamamlayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 -ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti