...

Azərbaycanda vəhabilərin fəaliyyəti qadağan oluna bilməz - Parlamentin komissiya sədri

Siyasət Materials 24 Aprel 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin İnsan hüquqları komissiyasının sədri hesab edir ki, ölkədə vəhabi dini cərəyanının qadağan olunmasına ehtiyac yoxdur. "Vəhabilər islam dininin ardıcılları kimi fəaliyyətlərini davam etdirirlər. Əgər onlar dövlət və dövlətçilik əleyhinə hər hansı işlərlə məşğul olmurlarsa və cinayət törətməyiblərsə fəaliyyətləri qadağan oluna bilməz", -deyə cümə axşamı Trend -a açıqlamasında Azərbaycan Parlamentinin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

Onun fikrincə, dini sahədə qadağalar daha mənfi proseslərin baş verməsinə səbəb ola bilər: "İslam dininin ardıcılları kimi fəaliyyət göstərən həmin şəxslərdən kimsə dövlət əleyhinə fəaliyyət göstərərsə və cinayət törədərsə, onlar dini cərəyanın nümayəndəsi kimi yox, vətəndaş kimi qanunla cəzalandırıla bilərlər".

Aslanova hesab edir ki, Azərbaycanda dövlət üçün təhlükə yaradan dini qruplar yoxdur və yaxın gələcək də də olmayacaq: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda olan dini icmaları qeydiyyatdan keçirir və dini qrupların fəaliyyəti haqda məlumatlıdır"

Komissiya sədri qeyd edib ki, hazırda dünyada olan radikal dini cərəyanların müxtəlif ölkələrdə yayılması prosesi gedir.

"Burada milli və psixloji təhlükəsizlik məsələsi var. Azərbaycan reallığında bu çox önəmli məsələdir və siyasi, dini və mədəni sabitliyin qorunması vacibdir. Azərbaycanda dini sahədə hər hansı problemin olması haqqında deyilənlər səhvdir. Bəzi qüvvələr belə məsələləri müxtəlif vaxtlarda gündəmə gətirməklə cəmiyyətdə həyəcan yaratmaq istəyirlər",-deyə komissiya sədri əlavə edib.

Komissiya sədri qeyd edib ki, Azərbaycanda din, etiqad və vicdan azadlıqları Konstitusiyanın müddəaları ilə təsbit olunur. Hər bir vətəndaşın istənilən dinə etiqad etmək azadlığı var və bu azadlıq heç bir halda məhdudlaşdırıla bilməz: "Dini etiqad yalnız dövlətin mənafeyinə zidd olanda məhdudlaşdırıla bilər. Hansı dinə etiqad etmək hər bir vətəndaşın şəxsi işidir. Azərbaycan kifayət qədər tolerant ölkədir və müxtəlif dinlərin bərabər şəraitdə fəaliyyət göstərməsi üçün ən geniş imkan yaradılb. Azərbaycanın tolerantlığı ilə dünyaya nümunə olmasını təkcə biz yox, ölkəyə gələn xarici şəxslər də deyirlər".

Aslanova vurğulayıb ki, müxtəlif dinlərin nümayəndələri tarixən Azərbaycanda bərabər və əminamanlıq şəraitində yaşayıblar, bu indi də belədir və gələcəkdə də belə olacaq. Onun fikrincə, bu, Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biridir: "Azərbaycanda heç vaxt dini zəmində qarşıdurma yaranmayıb və gələcək də yaranmayacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti