...

Azərbaycanda yeni Amnistiya aktının qəbul olunmasına ehtiyac yoxdur - komissiya sədri

Siyasət Materials 1 Dekabr 2008 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 0 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin komissiya sədri hesab edir ki, ölkədə yeni Amnistiya aktının qəbul olunmasına ehtiyac yoxdur.

"Deputat Pənah Hüseynin hazırlayıb parlamentə təqdim etdiyi Amnistiya aktının qəbul olunmasının heç bir perespektivi yoxdur",- bazar ertəsi Trend - a parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib.

Trend - un arayışı: Qanunverici orqanda müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn Amnistiya aktı hazırlayaraq, parlamentə təqdim edib. Deputat hesab edir ki, parlamentin yaradılmasının 90 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul olunmasına ehtiyac var. Sənəd bütün məhbusların cəzalarının çəkilməmiş hissəsinin bir ilindən azad olunmasını, ömürlük azadlıqdan məhrum edilmiş və cəzasının 10 ilini çəkmiş məhbusların cəzalarının 20 illik həbslə əvəzlənməsini nəzərdə tutur.

Azərbaycanda 1994 -cü ildən indiyədək imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. 32 fərman mərhum prezident Heydər Əliyev, 13 fərman hazırkı dövlət başçısı İlham Əliyev tərəfindən imzalanıb. İndiyədək  qəbul olunmuş səkkiz Amnistiya aktı 40 min məhkuma şamil olunub.

"Parlamentin 90 illik yubileyi başa çatıb və indi Amnistiya aktı hazırlamaq daldan atılan daşa bənzəyir. Düzdür, bu, yubileydir və müəyyən müddət davam edə bilər. Amma ənənəvi olaraq, belə təşəbbüslər yubiley qeyd olunmamışdan əvvəl irəli sürülür. Amnistiya aktı bundan əvvəl təqdim olunsaydı belə, onun qəbul edilməsi mümkün deyil", - deyə komissiya sədri vurğulayıb.

Hüseynov deyib ki, bir neçə ay əvvəl parlament Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya aktı qəbul edib. Komissiya sədri hesab edir ki, 3 - 4 aydan sonra yeni Amnistya aktının qəbul olunması mümkün deyil.

Hüseynov deyib ki, parlamentdə qəbul olunan sonuncu Amnistiya aktı ciddi sosial araşdırmaların nəticəsində hazırlanıb təqdim olunmuşdu. Onun sözlərinə görə, həmin Amnistiya aktında ciddi təhlillər olub.

"Eyni zamanda, 2003 - cü ildən sonra Azərbaycanda amnistiya qəbul olunmamışdı. Ona görə də, sonuncu Amnistiya aktının qəbulu tamamilə yerinə düşdü. Bir necə aydan sonra Amnistiya aktının hazırlanması cəmiyyətdə ad hallanması, diqqətin cəlb olunması mənasından başqa heç bir əhəmiyyət kəsb etmir", - deyə o əlavə edib.

Komissiya sədri vurğulayıb ki, buna baxmayaraq, məsələ Hüquq siyasəti və dövlət quruğuculu məsələləri daimi komissiyasında müzakirə olunacaq və müəllifə cavab veriləcək. "Amma mənim mövqeyim ondan ibarətdir ki, qısa müddət ərzində yenidən Amnistiya aktının qəbulu arzuolunan deyil", - deputat bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti