...

Azərbaycan müxalifətinin daha geniş tərkibdə koalisiyasının yaranmasını istəməyən qüvvələr var - partiya sədri

Siyasət Materials 16 Dekabr 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir A.Hüseynblala/ Azərbaycanın müxalifət partiyasının sədri hesab edir ki, müxalifətin daha geniş tərkibdə koalisiyasının yaranmasını istəməyən qüvvələr var.

"Bizim təqdim etdiyimiz layihə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönələn bir təşəbbüsdür", - çərşənbə axşamı Trend - a Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli bildirib.

Trend - un arayışı: Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları müxalifətin gələcək əməkdaşlığını nəzərdə tutan layihələr hazırlayıblar.

Müxalifətin Əməkdaşlıq Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat Partiaysı və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilən prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.

Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlasa da, qarşılıqlı ittihamlar üzündən müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.

Onun sözlərinə görə, AXCP prezident seçkisi ərəfəsi Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan qüvvələrin sonradan bu formatda əməkdaşlığının daha da dərinləşdirməsini təklif edib.

"Biz istəyirdik ki, Mərkəzdə təmsil olunan üç siyasi qüvvə gələcəkdə vahid siyasi birlik, koalisiya şəklində fəaliyyət göstərsin",- Kərimli əlavə edib.

AXCP sədri deyib ki, Müsavat Partiyası daha geniş koalisiyanın yaradılmasına etiraz etdiyindən, MƏM daxilindəki münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan layihə hazırlayıb.

"Çünki bizim bu gün şərti olaraq MƏM adlandırdığımız qurumda heç formal birliyimiz də yoxdur. Ona görə münasibətələrimizi daha da dərinləşdirməyi təklif etmişik", - müxalif partiya sədri vurğulayıb.

Onun fikrincə, Müsavatın layihəsindəki təkliflər yalnız funksional əməkdaşlığı davam etdirməyi nəzərdə tutur. "Biz isə növbəti addımı atmaq istəyirdik. Mənə elə gəlir ki, təkcə mərkəzə daxil olan təşkilatların əksəriyyəti yox, elə cəmiyyət də bizdən inteqrasiya istiqamətində növbəti addımlar atmağı gözləyirdi", - AXCP lideri qeyd edib.

Kərimli indi Müsavatdan rəsmi cavabı gözlədiklərini bildirib. "Bu səbəbdən, müxalifətin daha geniş tərkibdə əməkdaşlığı üçün "Azadlıq" bloku çərçivəsində başqa addımlar atılmasına tələsmirik", - partiya sədri bildirib.

"Biz Müsavat Partiyasının ayrı - ayrı funksionerlərinin etirazlarına mətbuatda rast gəlsək də, rəsmi "yox" qərarı almamışıq. Ona görə də, indi başqa variantlar üzərində düşünmək düzgün olmazdı", - AXCP sədri deyib.

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000 - ci ilədək sədri Azərbaycanın eks - prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000- ci ildən indiyədək AXCP- yə keçmiş Dövlət Katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti