Azərbaycan Prezidenti İcra Aparatı rəhbərinin sərəncami ilə, çərşənbə axşamı "20 Yanvar faciəsinin on doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib, - məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Sənəddə Azərbaycanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar verilməsi nəzərdə tutulub.
Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində təmizlik - abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək. Qanlı Yanvar faciəsinə dünya ictimaiyyətinin diqqətini yenidən yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları vasitəsilə müvafiq tədbirlər görüləcək.
Ölkənin şəhər və rayonlarında da müvafiq tədbirlər planı qəbul olunub və icrasına başlanılıb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan etmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 131 insan öldürülüb, onlardan 117-si azərbaycanlı, 6 nəfəri rus, 3 nəfəri yəhudi, 3 nəfəri tatar olub. 744 adam ağır xəsarət alıb, 4 şəxs itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda isə, (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.