...

Prezident İlham Əliyev Texnoparkın açılış mərasimində iştirak edib

Siyasət Materials 23 Dekabr 2009 00:38 (UTC +04:00)
Dekabrın 22-də Sumqayıt texnoparkının (STP) birinci mərhələsində inşa olunmuş obyektlərin açılış mərasimi keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir, Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev Texnoparkın açılış mərasimində iştirak edib

Dekabrın 22-də Sumqayıt texnoparkının (STP) birinci mərhələsində inşa olunmuş obyektlərin açılış mərasimi keçirilmişdir. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir, Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına məlumat verildi ki, Sumqayıt Texnoparkının ərazisi 45 hektardır. Parkdakı zavod korpuslarının ərazisi isə 140 min kvadratmetrdir. Burada böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Postsovet məkanında bənzəri olmayan bu texnoparkın istismara verilməsi ölkəmizdə elektroenergetikanın inkişafına, onun mövcud potensialının daha da möhkəmləndirilməsinə, enerji müəssisələrinin yenidən qurulmasına və müasirləşdirilməsinə geniş imkanlar açacaqdır. Bu möhtəşəm iqtisadi kompleksin işə düşməsi ilə respublikamızın energetika qurğuları yerli texniki avadanlıq və məhsullarla təchiz olunacaqdır. Bölgələrdəki təbii ehtiyatlardan istifadə etməklə ucuz və keyfiyyətli məhsul istehsalı qaydaya salınacaqdır. Daşıma xərclərinin və müddətinin azalması hesabına nəzərdə tutulan layihələr daha qısa müddətdə reallaşacaq və məhsulların maya dəyəri aşağı düşəcəkdir. Bütün bunlar kompleks tam işə düşdükdən sonra rəqabətədavamlı məhsulların ixracına geniş imkanlar açacaqdır.
Sumqayıt texnoparkında elektroenergetika sənayesi üçün məhsullar hazırlayacaq zavodlar, sexlər və istehsal xətləri yaradılacaqdır. Texnoparkın birinci mərhələsi çərçivəsində müəssisələrin tikinti-quraşdırma işlərində 2300 nəfərdən çox işçi çalışmışdır. Müəssisə tam işə düşdükdən sonra burada 3 min nəfər, o cümlədən yüksək ixtisaslı mühəndislər daimi işlə təmin ediləcəkdir.
Prezident İlham Əliyev əvvəlcə "Azərenerji" ASC-nin "Sumqayıt-3" 110/35/6 kilovoltluq qapalı tipli yarımstansiyasının açılışında iştirak etdi.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, "Sumqayıt-3" qapalı tipli yarımstansiyası Cənubi Qafqazda istifadəyə verilən ilk belə obyektdir. Yarımstansiya az yer tutduğundan şəhər tipli yarımstansiyaların tikintisində istifadə oluna bilər. Yarımstansiya yüksək səviyyədə avtomatlaşdırılmışdır və daxili mikro nəzarət sisteminə malikdir. Təmirə ehtiyacı olmayan bu qurğunun birbaşa mərkəzi dispetçer məntəqəsindən idarə edilməsi mümkündür. Yarımstansiyanın gücü 200 meqavoltamperdir. Yarımstansiya respublika enerji sisteminə qoşulmuşdur və buradan Sumqayıtın əsas sənaye obyektlərinə enerji ötürüləcəkdir.
Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

Xəbər lenti

Xəbər lenti