...

Azərbaycan Prezidenti "Balakən-1" kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

Siyasət Materials 8 İyul 2010 14:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də"Balakən-1" kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.
Azərbaycan Prezidenti "Balakən-1" kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də"Balakən-1" kiçik su-elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev inşa ediləcək bu energetika qurğusu barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, dövlətimizin başçısının 2009-cu il 16 noyabr tarixli sərəncamı ilə respublikamızda külək və su-elektrik stansiyalarının inşasının genişləndirilməsi məqsədi ilə potensial imkanların öyrənilməsi və xüsusi proqramların hazırlanması "Azərenerji" ASC-yə tapşırılmışdır.

Mütəxəssislərin ilkin araşdırmalarına görə, respublikamızın müxtəlif bölgələrində dağ çayları və suvarma kanalları üzərində yüzlərlə kiçik su-elektrik stansiyası tikmək mümkündür. Kiçik su-elektrik stansiyalarının inşası elektrik enerjisi istehsalında yanacağa qənaət etməklə yanaşı, ətraf mühitin qorunmasında da mühüm rol oynayır.

"Balakən-1" su-elektrik stansiyasında ildə 10 milyon kilovat/saat enerji istehsal ediləcək. Bu, rayonun elektrik enerjisinə tələbatının 25 faizini təşkil edir. Yerli "AZENKO" şirkətinin inşa edəcəyi su-elektrik stansiyasında hər birinin gücü 0,5 meqavata çatan 3 hidroturbin və hidrogenerator, eləcə də 10 kilovoltluq yarımstansiya quraşdırılacaq, elektrik xətləri çəkiləcəkdir.

Bildirildi ki, stansiyanın tikintisini 2011-ci ilin ikinci yarısında başa çatdırmaq nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev su-elektrik stansiyasının təməlini qoydu.

Xəbər lenti

Xəbər lenti