...

Netanyahunun məskunlaşmaya dair moratoriumun müddətini uzatmaq üçün bəhanəsi yoxdur – ekspertlər

Siyasət Materials 30 İyul 2010 11:35 (UTC +04:00)
İsrailin Baş naziri Şərqi Yerusəlimdə yəhudi məskənlərinin tikintisi üzrə moratoriumun müddətini uzatmağa cəhd edərsə, bu onun koalisiya hökumətinin möhkəmliyini sarsıda bilər.

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Ü.Sadıqova/

İsrailin Baş naziri Şərqi Yerusəlimdə yəhudi məskənlərinin tikintisi üzrə moratoriumun müddətini uzatmağa cəhd edərsə, bu onun koalisiya hökumətinin möhkəmliyini sarsıda bilər. Ekspertlər bu qənaətdədirlər və bunu Fələstin ərazilərində yəhudi evlərinin tikintisi ilə bağlı 10 aylıq qadağanın sülh danışıqlarında heç bir irəliləyişə gətirib çıxarmaması ilə əsaslandırırlar.

"Madam ki, o [Benyamin Netanyahu], Türkiyə və Fələstin tərəfi ilə əlavə problemlərdən başqa heç nə əldə etməyib, bu mövzuda müzakirələri lazımsız hesab edir", - Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski telefonla Trend-ə bildirib.

Dünən Yerusəlimdə İspaniyanın xarici işlər naziri Migel Moratinosla görüşdə Netanyahu fələstinlilərin tələblərini "qeyri-real" adlandırıb. Bu barədə "Haaretz" qəzeti yazır.
İsrailin Baş naziri, belə bir qərar qəbul ediləcəyi halda, bunu koalisiya hökumətinin dağılacağı ilə əsaslandırıb.

Satanovskinin fikrincə, Netanyahunun bəyanatı göstərir ki, onun məskənlərlə bağlı qəbul etdiyi qərar Fələstin tərəfi ilə danışıqları bərpa etməyə dair bundanəvvəlki cəhdin uğursuz olması üzündən son qərardır.
"Rəmallahda Fələstin rəhbərliyi ilə danışmaq faydasız olduğundan, o, bunu koalisiyanın daxili problemləri ilə əlaqələndirib", - rusiyalı ekspert hesab edir.

Sentyabrın 26-da başa çatacaq 10 aylıq moratorium Fələstin tərəfinin İsraillə birbaşa sülh danışıqlarını bərpa etmək üçün irəli sürdüyü tələblərdən biridir.

Netanyahu, hərçənd ki, Şərqi Yerusəlimə aid olmayan məskənlərin tikilməsinə qadağanı xaricdən, ilk növbədə, ABŞ-dan gələn təzyiqlərdən xilas olmaq və iki il əvvəl dayanan sülh prosesini dirçəltmək üçün qəbul edib.
Lakin o zaman Fələstin administrasiyası atılan addımları az hesab edərək, İsrailin həmişəlik olaraq məskunlaşma fəaliyyətini dayandırmayana, gələcək Fələstin dövlətinin 1967-ci il müharibəsinə qədərki sərhədləri məsələsini müzakirə etmək tələbini irəli sürərək, danışıqlar masası arxasına əyləşməkdən imtina etmişdi.
Ekspertlər hesab edirlər ki, Netanyahunun moratoriumu uzatmaq üçün onun hökumətindəki digər partiyaların da razılaşa biləcəkləri kifayət qədər bəhanəsi yoxdur. Netanyahunun koalisiyasının əsasını 300 min yəhudi mühacirinin maraqlarını təmsil edən sağtəmayüllü partiyalar, eləcə də müdafiə naziri Ehud Barakın başçılıq etdiyi "Avoda" sol leyborist partiyası təşkil edir.
"Bu on ay ərzində Fələstin rəhbərliyindən konkret nəticələr əldə etməyən Netanyahunun moratoriumu uzatmaq cəhdi koalisiya daxilində problemlərin yaranmasına gətirib çıxaracaq ki, bu da növbəti seçkilərin keçirilməsi və daha sağ hökumətin yaranması ilə başa çata bilər", - Satanovski belə hesab edir.
"İndi Aviqdor Libermanı xarici işlər naziri görmək istəməyənlər ["İsrail bizim evimizdir" sağ partiyasının rəhbəri], onu müdafiə naziri, sonra isə baş nazir görə bilərlər. Netanyahu isə postu əlində saxlamaq istəyir", - politoloq deyib.

İsraildə ozamankı Baş nazir Ehud Olmertin korrupsiya qalmaqalı ilə bağlı sonuncu daxili siyasi böhran mötədil hökumətin dağılmasına və 2009-cu ilin fevralında növbədənkənar seçkilərə gətirib çıxartdı.
İsrailin "Jerusalem Post" qəzetinin icmalçısı Cerşon Baskinin (Gershon Baskin) fikrincə, yəhudi məskənlərinin genişləndirilməsi üzrə qadağanın müddətinin uzadılması yalnız Netanyahunun fələstinlilərin birbaşa danışıqlara razılıq verəcəklərinə əmin olduğu halda mümkündür. "Əks halda, koalisiya hökuməti, sadəcə olaraq, hökumətin tərkibini tərk edəcək", - Baskin belə güman edir.
"Birbaşa danışıqlar olmadan Netanyahu öz hökumətini növbəti moratoriuma razı sala bilməz. Əgər danışıqlarla bağlı razılıq əldə olunsa, onda fələstinlilərə daha bir şans verilməsini xahiş edə bilər", -  İsrail-Fələstin Araşdırmalar və İnformasiya Mərkəzinin (IPCRI) rəhbəri Baskin Trend-ə telefonla bildirib. - "Lakin sülh danışıqlarında irəliləyiş yoxdursa, onda Baş nazir də daxil olmaqla, heç kim əlavə moratorium tətbiq etməyəcək".
"Bu gün sağtəmayüllü "Likud" partiyasına başçılıq edən Netanyahu hökuməti kifayət qədər möhkəmdir, qeyri-sabitlik barədə istənilən bəyanat Avropa və Amerikanın təzyiqlərindən müdafiə olunmaq məqsədi güdür", - israilli analitik belə hesab edir.

İsrailin informasiya və diaspor nazirinin ştatdankənar müşaviri İlya Vasilyev də onunla razıdır.
"Bu hökumət son koalisiyanın fonunda kifayət qədər sabitdir, çünki onun fəaliyyət göstərdiyi ilyarım ərzində heç bir səsvermədə uduzmayıb və 10 aylıq moratoriumdan başqa heç bir problemlə üzləşməyib", - Rusiya Dövlət Dumasının İsrail Parlamenti ilə əlaqələr üzrə eksperti İlya Vasilyev Trend-ə deyib.

Qadağa müddətinin başa çatmasından sonra məskənlərin gələcəyinə gəldikdə, Vasilyev hesab edir ki, vəziyyət regionda daim yeni hadisələrin baş verməsi üzündən dəfələrlə dəyişə bilər.
"Əgər hansısa partiya hökumətin tərkibindən çıxarsa, onda bu, dağılma demək olmayacaq. Ola bilsin, moratorium uzadılacağı halda belə, koalisiyanın saxlanmasına imkan verən hansısa ifadə tapılsın", - Vasilyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti