...

Azərbaycan müxalifətinin razılaşdırılmamış yerlərdə keçirəcəyi aksiyada iştirak edənlər məsuliyyətə cəlb olunacaq - DİN

Siyasət Materials 30 İyul 2010 18:35 (UTC +04:00)
Azərbaycan müxalifətinin iyulun 31-nə təyin etdiyi aksiyaya Bakı şəhər İcra Hakimiyyəti icazə vermədiyi üçün qanunsuzdur. Bu barədə cümə günü Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun birgə yaydığı məlumatda deyilir.
Azərbaycan müxalifətinin razılaşdırılmamış yerlərdə keçirəcəyi aksiyada iştirak edənlər məsuliyyətə cəlb olunacaq - DİN

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müxalifətinin iyulun 31-nə təyin etdiyi aksiyaya Bakı şəhər İcra Hakimiyyəti icazə vermədiyi üçün qanunsuzdur. Bu barədə cümə günü Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun birgə yaydığı məlumatda deyilir.

"Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazidə kütləvi aksiya keçirilərsə, həmçinin qadağan olunmuş əşyalardan istifadə olunarsa, bu, ciddi qanun pozuntusu kimi qiymətləndiriləcək, təşkilatçılar olaraq onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar", - məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, 2010-cu il iyulun 23-də Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq adlı quruma daxil olan partiyalar adından Hüseyn Məlikov, Əliş Əzizov, Mirməmməd Xanlarov, Xəzər Teyyublu və Vüqar Bayramov Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, iyulun 31-də saat 15:00-dan 18:00-dək paytaxtın aşağıda adıçəkilən mərkəzi küçə, meydan və parklarından birində - Hüseyn Cavid, Səməd Vurğun bağlarında, Füzuli meydanında, N.Nərimanov kinoteatrının, Xalça Muzeyinin, C.Cabbarlı abidəsinin qarşısındakı meydanlarda, Füzuli və Ş.Bədəlbəyli küçələri arasındakı parkda, şəhər İcra Hakimiyyətinin, Prezident Administrasiyasının və Nazirlər Kabinetinin inzibati binalarının 200 metrlik məsafələrində mitinq keçirmək niyyətində olduqlarını bildiriblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyası adından Fuad Qəhrəmanlı, Asif Yusifli və Nemət Əliyev də şəhər İcra Hakimiyyətinə müraciət edərək, iyulun 31-də saat 15:00-dan 17:00-dək Bakı şəhərində aşağıdakı ünvanlardan birində - N.Nərimanov kinoteatrının, C.Cabbarlının heykəlinin, Teleteatrın qarşısında, Hüseyn Cavid, Səməd Vurğun, Sahil bağlarında, Azneft meydanında, Parlament prospektində mitinq keçirmək istəklərini bildiriblər.

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hər iki müraciətə baxılaraq, onlara 27 iyul 2010-cu il tarixdə cavab verilib ki, təşkilatçıların göstərdikləri ünvanlardakı parklar insanların istirahəti üçün nəzərdə tutulduğundan, digər ünvanlar isə nəqliyyatın intensiv hərəkət etdiyi ərazilər olduğundan həmin yerlərdə hər hansı toplantının keçirilməsi mümkün deyil. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tələblərinə riayət olunmaqla nəzərdə tutulan mitinqlərin iyulun 31-də saat 15:00-dan 18:00-dək aşağıdakı ünvanlardan birində - Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbail rayonunun 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətində, Xətai rayonundakı 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirilməsini təklif edib.

Bununla əlaqədar iyulun 30-da nəzərdə tutulan aksiyaların təşkilatçılarına Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun rəhbərliyi tərəfindən paytaxtın mərkəzi küçə, bağ və meydanlarında keçirməyə cəhd edəcəkləri mitinqlərin mövcud qanunvericiliyin tələblərinə zidd olması barədə xəbərdarlıq edilib. Onlara izah olunub ki, planlaşdırdıqları tədbiri paytaxt meriyası tərəfindən təklif olunmuş ərazilərdən birində keçirə bilərlər. Təşkilatçıların nəzərinə çatdırılıb ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun 12-ci maddəsinə əsasən, təşkilatçılar və iştirakçılar tərəfindən toplantında odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yaradan və ya əmlaka ziyan vura bilən əşyalardan istifadə edilməsi qadağandır.

Xəbər lenti

Xəbər lenti