Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir M.Əliyev/
ABŞ-ın Azərbaycanda səfirinin olmaması iki ölkə arasında münasibətlərə mənfi təsir göstərmir, onun funksiyasını ölkədəki Amerika Diplomatik Nümayəndəliyinin əməkdaşları icra edirlər. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çərşənbə günü jurnalistlərə bildirib.
"Lakin beynəlxalq təcrübəyə görə, dövlət bir ildən artıq səfirsiz qalmır. Ona görə də biz ümid edirik, bu zaman çərçivəsində ABŞ Azərbaycana səfir təyin edəcək", - Həsənov deyib.
Azərbaycanda ABŞ səfirinin yeri Amerika Diplomatik Nümayəndəliyinin keçmiş rəhbəri Enn Dersinin bu postu tərk etməsindən sonra - 2009-cu ilin iyulundan boşdur.