...

Əli Həsənov: Korrupsiyaya qarşı mübarizənin ictimai effektini gözdən salmaq üçün kampaniya aparılır

Siyasət Materials 5 Sentyabr 2011 17:15 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri dövlətin korrupsiyaya qarşı apardığı mübarizəyə kölgə salanları ittiham edib.
Əli Həsənov: Korrupsiyaya qarşı mübarizənin ictimai effektini gözdən salmaq üçün kampaniya aparılır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.Hüseynli/

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri dövlətin korrupsiyaya qarşı apardığı mübarizəyə kölgə salanları ittiham edib.

"Korrupsiyaya qarşı mübarizə ilə bağlı bəzi mətbuat orqanları bilərəkdən, qəsdən, həyata keçirilən siyasətin ictimai effektini gözdən salmaq üçün kampaniya aparırlar. Korrupsiyaya qarşı mübarizə tədbirləri dövlət başçısının bu ilin yanvarında Nazirlər Kabinetinin genişlənmiş iclasında bəyan etdiyi və ciddi iradə ilə davam etdirdiyi siyasətdir və həmin siyasət bu gün də davam edir", - bunu bazar ertəsi Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənovun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə kampaniya edilmir.

"Biz bu siyasəti kampaniya etməmişik, etmirik və bundan sonra da etmək fikrimiz yoxdur. Ayrı-ayrı məsul qurumlar, bütün dövlət orqanları öz sahəsi üzrə bu tipli halların aşkarlanması, aradan qaldırılması və onlara qarşı ciddi tədbirlər görülməsi siyasətini davam etdirirlər və gələcəkdə də etdirəcəklər. Bununla bağlı artıq iki dəfə mərkəzləşmiş qaydada dövlət orqanları, xüsusilə də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi açıqlamalar verib. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının bununla bağlı məlumatları olub və bu məlumatlar davam edir", - PA rəsmisi deyib.

Həsənov deyib ki, korrupsiyaya qarşı mübarizə təkcə inzibati yollarla aparılmır. Eyni zamanda, müxtəlif iqtisadi yollarla, iqtisadi çərçivələrlə, ayrı-ayrı sahələrin işinin şəffaflaşdırılması yolu ilə, ayrı-ayrı sahələrdə bu və ya digər qanunvericilik aktlarına dəyişiklik edilməsi yolu ilə aparılır.

"Məsələn, bunların sırasında dövlət yol polisi orqanlarının topladığı cərimələrin sonrakı istifadəsi ilə bağlı qəbul olunan normativ hüquqi aktlar, gömrük orqanları ilə bağlı qəbul olunan normativ aktlar, digər iqtisadi və hüquqi addımlar da nəzərə alınır. Bunlar kompleks şəkildə aparılır və ilin sonunda bunlara yekun vurulacaq və mövcud qurumlar bununla bağlı ümumiləşmiş materiallarını açıqlayacaqlar", - Həsənov deyib.

Xəbər lenti

Xəbər lenti