...

Qənirə Paşayeva: Azərbaycan Dağlıq Qarabağın Ermənistanın işğalı altında qalmasını heç bir zaman qəbul etməyəcək (FOTO)

Siyasət Materials 5 Dekabr 2011 16:23 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağın Ermənistanın işğalı altında qalmasını heç bir zaman qəbul etməyəcək.
Qənirə Paşayeva: Azərbaycan Dağlıq Qarabağın Ermənistanın işğalı altında qalmasını heç bir zaman qəbul etməyəcək (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Dağlıq Qarabağın Ermənistanın işğalı altında qalmasını heç bir zaman qəbul etməyəcək. Trend-in məlumatına görə, bunu Ərzurum Atatürk Universitetində Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin, Avrasiya Vətəndaş Əməkdaşlıq Təşkilatının, Ərzurum Əziziyyə Bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 20-ci il dönümü ilə bağlı "Bir ürəkdə iki can: Azərbaycan və Türkiyə münasibətləri" mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə çıxış edən Azərbaycan millət vəkili Qənirə Paşayeva Türkiyənin TRT, NTV kanalları, Anadolu agentliyi, habelə Ərzurum şəhərinin televiziya kanallarına və qəzetlərinə müsahibəsində deyib.

Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini bildirən Paşayeva Azərbaycanın 20 il ərzində həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən çox gücləndiyini, bu gün Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən artıq olduğunu bildirib.

Ermənistanın bəzi qüvvələrin yardımı və hərbi dəstəyi ilə Azərbaycanın torpaqlarını işğal etdiyini ifadə edən millət vəkili Azərbaycan xalqının o torpaqların işğal altında qalmasına heç bir zaman izn verməyəcəyini vurğulayıb.

"Ermənistan rəhbərliyi düşünməlidir ki, bugünkü Azərbaycan 90-ci illərin Azərbaycanı deyil. İşğal olunmuş Azərbaycan torpaqları sülh yolu ilə azad olunmayacağı təqdirdə, Azərbaycanın onu hərbi yolla azad etmək kimi suveren haqları və gücü var. Biz yenidən 20 ili gözləməyəcəyik və gözləyə bilmərik ki, Ermənistan torpaqlarımızı nə vaxtsa azad edəcək. Bunu Ermənistanda hər kəs artıq dərk etməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar artıq işğalçı Ermənistandan işğala son qoymasını, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməsini tələb etməlidir", - Qənirə Paşayeva qeyd edib.

Millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dini, tarixi və mədəniyyət abidələrimizi, qəbiristanlıqlarımızı vəhşicəsinə dağıtdığını və yerlə yeksan etdiyini vurğulayıb.

Azərbaycanda 2011-ci ildə ermənilər tərəfindən uşaq cinayətlərinə toxunan Paşayeva ermənilərin mülki insanları öldürmək üçün oyuncaqların içərisinə partlayıcı qurğu qoyaraq çaya atdıqlarını, snayperlər tərəfindən həyətlərində oynayan uşaqları hədəfə alaraq vurduqlarını qeyd edib.

Millət vəkili qeyd edib ki, Serj Sarkisyanın bu yaxınlarda Ağrı dağına qarşı iddia irəli sürməsi Ermənistan dövlətinin işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha ortaya qoyur.

"Halbuki Ermənistan Prezidenti bu açıqlaması ilə erməni gənclərin beynini zəhərləyir və onları yanlış yola dəvət edir. Bizim gənclərimiz bunları görməli və bilməlidir ki, sabah belə erməni gənclər türk dünyasının əleyhinə iş aparacaqlar. Türk gəncliyi buna qarşı ciddi mübarizə aparmalıdır", - millət vəkili vurğulayıb.

Gənclərin tarixi və milli birlik məsələlərinə sahib çıxmalarının vacib olduğunu ifadə edən Paşayeva sosial şəbəkələrdən də bu məqsədlə istifadə edilməsinin zəruriliyini vurğulayıb. O, nümunə olaraq müxtəlif ölkələrdəki türk gənclərin ermənilərin 1915-ci il hadisələri bağlı iddialarına sosial şəbəkələr vasitəsilə qarşı çıxmalarının gərəkli olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti