...

Müsavat Partiyasında yeni vəzifə təsis ediləcək?

Siyasət Materials 10 Yanvar 2012 10:28 (UTC +04:00)
Müsavat Partiyasında yeni vəzifənin təsis edilməsi gözlənilir.
Müsavat Partiyasında yeni vəzifə təsis ediləcək?

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müsavat Partiyasında yeni vəzifənin təsis edilməsi gözlənilir. Partiyadakı mənbələrdən çərşənbə axşamı Trend-ə bildiriblər ki, İsa Qəmbər Müsavat başqanlığından gedəndən sonra, onun üçün yeni vəzifə təsis ediləcək. Bununla İsa Qəmbər Müsavat Partiyası daxilində baş verən proseslərə nəzarət edəcək.

Müsavat başqanının müavini Gülağa Aslanlı çərşənbə axşamı Trend-ə açıqlamasında bildirib ki, nəzəri çəhətdən İsa Qəmbərin başqa vəzifədə qalacağı mümkündür.

Aslanlı partiyada yeni vəzifənin təsis edilməsinin hazırda müzakirə obyekti olmadığını qeyd edib.

"İsa Qəmbərin nəzəri olaraq başqanlıqdan gedəndən sonra Məclis sədri olmaq imkanı var, nizamnamə ona Divan üzvü, başqan müavini, rayon təşkilatının sədri olmaq imkanı verir. Eyni zamanda, sadəcə olaraq Musavat üzvü olmaq imkanı da var. Nizamnamə bu imkanları onun üçün yaradır. Əlavə bir vəzifə yaratmaq məsələsi isə bu gün partiyada müzakirə olunmur", - Aslanlı əlavə edib.

Onun fikrincə, İsa Qəmbər hətta sadə, sıravi müsavatçı kimi qalsa da, aktiv siyasətçi ola bilər.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb.

Partiyanın rayon təşkilatları qurultaya hazırlıqla bağlı işləri yekunlaşdırıblar.

Ötən il Müsavat başqanı İsa Qəmbər başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti