...

Azərbaycanın millət vəkilləri İraqın dövlət naziri ilə görüşüblər (FOTO)

Siyasət Materials 6 Mart 2012 10:34 (UTC +04:00)
Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva və millət vəkili Etibar Hüseynov Azərbaycanda səfərdə olan İraqın əyalət məsələri üzrə dövlət naziri Torhan M.Əl-Müfti ilə görüşüblər.
Azərbaycanın millət vəkilləri İraqın dövlət naziri ilə görüşüblər (FOTO)

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir M.Əliyev/

Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva və millət vəkili Etibar Hüseynov Azərbaycanda səfərdə olan İraqın əyalət məsələri üzrə dövlət naziri Torhan M.Əl-Müfti ilə görüşüblər.

Trend-in məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı üzv-dövlətlərinin beyin mərkəzlərinin Bakıda keçirilən III forumunda iştirak etmək üçün Azərbaycana ilk dəfə səfər edən iraqlı nazir Azərbaycanda dinamik iqtisadi inkişafın şahidi olduğunu bildirib. Nazir İraqın Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsində, strateji əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib. O həm parlamentlərarası, həm də hökumətlərarası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Millət vəkilləri Qənirə Paşayeva və Etibar Hüseynov da Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyiblər.

Paşayeva Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də regionun və Azərbaycanın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib. Paşayeva bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirib.

Görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, iki dövlət arasında münasibətlərin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti