...

Azərbaycan və İndoneziya parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasət Materials 6 İyun 2012 10:16 (UTC +04:00)
Azərbaycanın İndoneziya, eyni zamanda Sinqapur, Filippin və Timor-Lestedəki səfiri Tamerlan Qarayev İndoneziya Parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Əli ilə görüşüb
Azərbaycan və İndoneziya parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan, Bakı, 6 iyun / Trend müxbir M.Əliyev/

Azərbaycanın İndoneziya, eyni zamanda Sinqapur, Filippin və Timor-Lestedəki səfiri Tamerlan Qarayev İndoneziya Parlamentinin Nümayəndələr Palatasının sədri Marzuki Əli ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü səfirlikdən bildirilib.

Marzuki Əli görüşdə İndoneziyanın Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini, siyasi, iqtisadi, mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə səfir Azərbaycan-İndoneziya siyasi münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib, iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İki dövlət arasında ticarət əlaqələrin sürətlə inkişaf etdiyini, 2011-ci il üzrə ticarət dövriyyəsinin təxminən 1.75 milyard ABŞ dolları təşkil etdiyini, lakin adıçəkilən rəqəmin əsasən Azərbaycandan İndoneziyaya xam neftin ixracı ilə bağlı olduğunu qeyd edən səfir, digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan tərəfinin İndoneziya ilə qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında söhbət açan Qarayev, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20% Ermənistan tərəfindən işğal olunduğunu və Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün mövcud olduğunu bildirib. Səfir Xocalı Soyqırımının 20-ci il dönümü olduğunu və hazırda Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində soyqırımı qurbanlarının anıldığını, bir sıra ölkələrin parlamentləri tərəfindən Xocalı Soyqırımının tanındığını Əlinin diqqətinə çatdırıb və məsələnin İndoneziya Parlamentinə çıxarılacağına ümidvar olduğunu bildirib.

Əli Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində İndoneziya hökumətinin birtərəfli mövqeyinin olduğunu qeyd edərək, İndoneziyanın münaqişənin sülh yolu ilə, sərhədlərin toxunulmamazlığı və beynəlxalq səviyyədə tanınmış çərçivədə həllinin tərəfdarı olduğunu bildirib.

Qarayev İndoneziya Parlamentinin Sədr müavini Pramono Anunq Vibovonun 2010-cu ildə Bakıda olarkən İndoneziya Parlamentində Dağlıq Qarabağ münaqişəsi üzrə işçi qrupun yaradılacağı vədini Əliyə xatırladıb. Azərbaycan-İndoneziya Parlamentlərarası dostluq qrupu haqqında söhbət açaraq, qrupun İndoneziya tərəfindən fəaliyyətinin bir qədər zəif olduğunu qeyd edib, və adı çəkilən qrupun işinin daha faydalı olması üçün birgə səylərin göstərilməsinin çox vacib olduğunu vurğulayıb.

Əli qrupun üzvləri ilə görüşəcəyini və onlara müvafiq tapşırıqların veriləcəyini bildirib. Sədr iki ölkə Parlamentləri arasında münasibətlərin genişləndirilməsi istiqamətində səfirlik ilə bərabər çalışmağa hazır olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti