...

Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olmuşdur

Siyasət Materials 10 İyun 2012 00:03 (UTC +04:00)
Cari ilin 4 – 6 iyun tarixlərində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti İtaliyanın təhsil və tədqiqatlar naziri professor Françesko Profumonun dəvətilə bu ölkədə rəsmi səfərdə olmuşdur.
Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olmuşdur

Azərbaycan, Bakı, 10 iyun /Trend/

4 - 6 iyun tarixlərində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti İtaliyanın təhsil və tədqiqatlar naziri professor Françesko Profumonun dəvətilə bu ölkədə rəsmi səfərdə olmuşdur. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyində məlumat verilib.

Səfərin ilk günü nazir Mərdanov Romada yerləşən Avropanın ən böyük universitetlərindən biri olan "La Sapienza" universitetində olmuşdur. Burada o, universitetinin rektoru professor Luici Frati ilə görüşmüş, "La Sapienza" ilə Azərbaycanın aparıcı ali təhsil ocaqları arasında keçən il qurulmuş əməkdaşlığının daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə etmişdir. Görüş zamanı iki ölkənin təhsil ocaqları tərəfindən həyata keçirilən birgə layihələr nəzərdən keçirilmiş, bu ilin sonuna qədər Bakıda və Romada bir sıra tədbirlərin təşkil olunacağı haqqında razılıq əldə edilmişdir. Daha sonra M.Mərdanov universitetinin professor-müəllim heyəti ilə görüşmüş, Azərbaycanın təhsil sistemi və burada aparılan islahatlar haqqında ətraflı məlumat vermiş, italyan tərəfinin suallarını cavablandırmışdır.

İyunun 5-də nazir İtaliya həmkarı F.Profumo ilə bu ölkənin təhsil nazirliyində görüş keçirmişdir. Görüş zamanı Mərdanov Azərbaycan ilə İtaliya arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq, Azərbaycanda təhsilin inkişafına ölkə rəhbərliyi tərəfindən verilən prioritet diqqət və əhəmiyyəti qeyd etmiş, təhsil sisteminin bütün istiqamətləri üzrə ölkəmizdə görülən tədbirlər haqqında məlumat vermiş və təhsil sahəsində Azərbaycanın İtaliya ilə əməkdaşlıqda maraqlı olduğunu italyan həmkarının diqqətinə çatdırmışdır. Söhbət zamanı digər məsələlərlə yanaşı Azərbaycanın təhsil ocaqlarında İtaliyan dilinin tədris olunması, təhsil ocaqları arasında əlaqələrin qurulması, iki ölkə arasında tələbə və müəllim mübadiləsinin inkişafı məsələləri müzakirə olunmuşdur. Azərbaycan naziri ölkələrimiz arasında təhsil sahəsində mövcud olan zəngin əməkdaşlıq imkanlarının gerçəkləşdirilməsi məqsədilə tərəf müqabilini Azərbaycana səfərə dəvət etdi. Nazir Profumo təhsil sahəsində geniş əməkdaşlıq əlaqələrinin təşkili və inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini və münasib zamanda Azərbaycana səfər etməkdən məmnun olduğunu bildirmişdir.

Həmin gün Mərdanov İtaliyada təhsil alan bir qrup Azərbaycan tələbələri ilə görüş keçirmişdir. Görüş zamanı M.Mərdanov ölkəmizin təhsil sisteminin inkişafı, bu sahədə olan yeniliklər, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş xaricdə Azərbaycan gənclərinin təhsili haqqında proqramının uğurla həyata keçirilməsi haqda geniş məlumat vermiş, xaricdə təhsil alan tələbələrin yaşadıqları ölkələrdə Azərbaycan haqqında məlumatın və biliklərin yayılması işində əhəmiyyətli rolunu qeyd etmişdir. Daha sonra nazir tələbələrin çoxsaylı suallarını cavablandırılmış, onların bir sıra müraciətlərinin araşdırılması ilə bağlı lazımı tapşırıqları vermişdir.

Səfər zamanı Mərdanov 6 iyun tarixində İtaliya Senatının təhsil, elm və mədəniyyət daimi komissiyasının sədri, Senatın YUNESKO ilə əməkdaşlıq qrupunun əlaqələndiricisi senator Quido Possa və komissiyanın digər üzvlərilə ilə Senatda görüş keçirmişdir. Görüş zamanı Mərdanov ölkələrimiz arasında yüksək səviyyəli əlaqələri qeyd etmiş, Azərbaycanın təhsil sistemi və burada aparılan işlər haqqında İtalyan tərəfinə ətraflı məlumat vermiş, iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafı perspektivləri barəsində italiya həmsöhbətləri ilə fikir mübadiləsi aparmışdır. Bu sahədə əlaqələrin daha da genişlənməsinin zəruri olduğu vurğulanmış, burada iki ölkənin qanunvericilik orqanlarının xüsusi rolu qeyd edilmişdir. Senator Q.Possa öz çıxışında bildirmişdir ki, son illər iki ölkə arasında əlaqələr yüksək xətlə inkişaf etməkdədir. Təhsil sahəsinin əlaqələrimizin ən vacib sahələrindən biri olduğunu qeyd edərək o, bildirmişdir ki, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün İtaliya parlamenti öz dəstəyini verməyə hazırdır. Görüşdə İtaliya Senatının Avropa İttifaqı siyasəti üzrə daimi komissiyasının sədri, İtaliya-Azərbaycan parlament dostluq qrupunun sədri xanım Rozanna Boldi iştirak etmişdir.

Səfərin sonunda nazir İtaliya tərəfinin xahişi ilə italiyan dilinin və mədəniyyətinin xaricdə öz mərkəzləri şəbəkəsinin vasitəsilə təbliği ilə məşğul olan "Dante Aliqyeri" Cəmiyyətinin baş katibi Alessandro Mazi ilə görüş keçirmişdir. Görüş zamanı A.Mazi İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini söyləmiş, rəhbərlik etdiyi Cəmiyyət barəsində ətraflı məlumat verərək, Azərbaycanda öz mərkəzinin açılması təklifini irəli sürmüşdür. Nazir Mərdanov ölkəmizin təhsil sistemi haqqında həmsöhbətinə ətraflı məlumat vermiş, bu sahədə ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsində maraqlı olduğumuzu qeyd etmişdir.

Səfər zamanı görüşlərdə Azərbaycan Respublikasının İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti