...

Ermənistanda qabaran yezid problemi

Siyasət Materials 12 İyun 2012 12:19 (UTC +04:00)
Ermənistanda yaşayan yezidlər ölkənin siyasi həyatında iştirak etmək və Ermənistan parlamentində təmsil olunmaq bəyanatı ilə çıxışlar edirlər.
Ermənistanda qabaran yezid problemi

Arzu Nağıyev - Trend-in icmalçısı

Ermənistanda yaşayan yezidlər ölkənin siyasi həyatında iştirak etmək və Ermənistan parlamentində təmsil olunmaq bəyanatı ilə çıxışlar edirlər. İcma rəhbərləri yeni seçilmiş parlamentdən narazılıq edərək, problemlərinin həllini "Yezidin qədrini yezid bilər" şüarı ilə ancaq yezidlərə həvalə etmək istəyirlər.

Ermənistanda yezidlər ölkə əhalisinin 3 faizini təşkil etdikləri üçün parlamentdə də öz maraqlarını azı dörd nəfər deputatla təmsil etmək istəyirlər. İcmanın əsas problemləri isə bütün ölkədə olduğu kimi işsizlik və ondan irəli gələn yoxsulluqdur. Yezidlər, ilk növbədə, Ermənistan hökumətindən ölkənin və icmanın sosial-iqtisadi problemləri ilə məşğul olmağı tələb edirlər.

Bu il mayın 6-da keçirilən parlament seçkilərində yezidlər Ermənistanın hakim Respublika Partiyasına 40 min səs verdiklərini iddia edir və öz problemlərinin həllini Serj Sarkisyanın üzərinə qoyurlar. İqtidar isə "Ermənistan ermənilər üçün" prinsipini irəli çəkərək, yerdə qalanları ikinci dərəcəli ermənilər olmağa, heç bir hüququ olmayan qula çevrilməyə vadar edirlər. Hazırda dünya ictimaiyyəti üçün nümunə kimi etniklərdən ibarət xırda qruplarda milli azlıqlar olsa da, yezidlərdən başqa digər etnik millət də yoxdur, onların vəziyyəti isə bu cür acınacaqlıdır. Deməli, Ermənistanda milli azlıqların vəziyyəti ermənilərin öz vəziyyətlərindən də betərdir. Lakin ermənilər bir bəzək kimi öz etnik tərkiblərini daima nümunə göstərməyə çalışırlar.

Statistikaya görə, ermənilər və yezidlər arasında milli münaqişələr zəminində toqquşmalar istər Ermənistan, istərsə də ölkə xaricində daima mövcuddur. Buna misal olaraq Yaroslavlda başa vermiş kütləvi davanı, Abovyan rayonunda altı nəfərdən ibarət yezid ailəsinin ermənilər tərəfindən hətta azyaşlı uşaqlara belə aman vermədən qəddarcasına qətlə yetirilməsini göstərmək olar.

Ən böyük problemlərdən biri kimi yezid və kürdlərin müxtəlif etnik qruplarda təmsil olunması məsələsinin bilərəkdən hakimiyyət tərəfindən gündəmə gətirilməsidir. Onların arasında ayrı-seçkilik salan iqtidar bundan yararlanır, öz növbəsində etniklər isə milli mənşəyini gizlətməyə məcbur edilirlər. İşsizlik və iqtisadi imkanların olmaması, iqtisadi böhran yezidlərin öz şəxsiyyətlərini təsdiq etməyə qoymayan əsas səbəbdir. Ermənilərin əksəriyyəti üçün Ermənistanda iş tapmaq çətin məsələ olduğu halda, yezidlər üçün ümumiyyətlə qlobal problemdir. Bu səbəbdən də istər kənd, istərsə də şəhərdə yaşayan yezidlər digər ölkələrə miqrasiya edirlər.

İqtisadi problemlər isə hətta bəzi yezidləri ərzaq və digər yardım almaq üçün xristianlaşmağa məcbur edir. Yerevanın şimalında yerləşən Amre kəndində əhalinin 35 faizi Yevangelist xristianların "protestant"larına çevriliblər. Bu yeni iman isə onların qərb missionerləri tərəfindən verilən yardımlara görə qəbul etdikləri inancdır.

Yezid liderləri də düşmən arasında yaşamaq üçün yezidləri birləşməyə çağırır, öz dövlət və ya "Yezidistan" birliyi olan muxtariyyətlərinin yaradılması üçün ümumi bir siyasətdə birləşməyi tövsiyə edirlər. Nə qədər ki, imkan var, yezidlər bu şansdan istifadə etməyə çalışırlar.

Xəbər lenti

Xəbər lenti