...

Mübariz Əhmədoğlu: Ermənistan onun üzərində rəqabət aparıldığını nümayiş etdirməklə həm Qərbdən, həm də Rusiyadan pul çəkmək istəyir

Siyasət Materials 4 Oktyabr 2012 15:39 (UTC +04:00)
Ermənistan onun üzərində Qərbin və Rusiyanın rəqabət apardığını nümayiş etdirməklə həm Qərbdən, həm də Rusiyadan pul çəkmək istəyir.
Mübariz Əhmədoğlu: Ermənistan onun üzərində rəqabət aparıldığını nümayiş etdirməklə həm Qərbdən, həm də Rusiyadan pul çəkmək istəyir

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistan onun üzərində Qərbin və Rusiyanın rəqabət apardığını nümayiş etdirməklə həm Qərbdən, həm də Rusiyadan pul çəkmək istəyir. Bunu Trend-də keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun fikrincə, Ermənistanın Avropa istiqamətində blef siyasəti müəyyən qədər nəticə verdi. "Avrokomissar Ş.Füle əvvəlcədən razılaşdırılmış 28 milyon avronun üstünə 15 milyon avro da qoyaraq, 43 milyon avroluq pul vəsaitini gətirib Ermənistana təqdim etdi. Hələ ki, Rusiya bir şey vəd etməyib. Buna görə Avropanın adamı hesab edilən Baş nazir Tiqran Sarkisyan RF Baş naziri Dmitri Medvedevlə görüş faktından istifadə edərək yeni blef sxemləri hazırladı", - Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Tiqran Sarkisyan Dmitri Medvedevlə Rusiyanın Aİ və Dünya Bankı ilə birlikdə Ermənistanın maliyyələşməsi üçün nəzərdə tutulan donor konfransında iştirakı məsələsini razılaşdırıb.

"Medvedev Tiqran Sarkisyana vəd verib ki, Ermənistan iqtisadiyyatının əsas istiqamətlərinin maliyyələşməsində RF Qərb strukturları ilə birlikdə iştirak edəcəkdir. Medvedev Sərkisyana Ermənistanda AES-in yeni blokunun tikintisində RF-nin iştirak edəcəyini bildirib. Guya Medvedev RF-nin bu məsələdə iştirak payını müəyyənləşdirmək üçün artıq göstəriş verib", - politoloq qeyd edib.

Əhmədoğlu bildirib ki, Ermənistanın NATO və KTMT hərbi təlimlərinə də münasibətlərinin ən yaxşı izahını blef və ya Qərblə Rusiya arasında rəqabət yarışması təşkil etmək prizmasından vermək mümkündür.

"Son il yarımda Rusiyanın Ermənistandakı bütün addımları Qərbin analoji addımları ilə müşayiət olunub. Bunu rəsmi Yerevan özü təşkil edir. KTMT hərbi təlimləri də beləcə oldu. NATO-nun baş katibi Anders Foq Rasmussenin regiona səfərinin tarixi KTMT-nin hərbi təlimlərinin başlanması tarixi ilə üst-üstə düşdüyü üçün Ermənistan təlimin tarixini 10 gün geriyə atdı. Bunu hərbi təlim keçiriləcək poliqonun hazır olmaması ilə izah etdi. KTMT-nin hərbi təlimləri başa çatdıqdan sonra, Ermənistan yenidən bir günlük NATO hərbi təlimləri keçirdi", - o deyib.

Politoloq hesab edir ki, bu NATO hərbi təlimlərinə ehtiyac yox idi, çünki Ermənistan sülhməramlıları Almaniyadan hərbi təlimdən yenicə qayıtmışdılar.

"NATO, KTMT siyasi və hərbi təlim parametrlərini Ermənistan rəhbərliyi öz maraqları prizmasından koordinasiya etməklə həm Qərbə, həm də Rusiyaya rəqabət mesajı verir", - Əhmədoğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti