...

Əkrəm Əylisli Azərbaycan Prezidentinin fərdi təqaüdü və "Xalq yazıçısı" fəxri adından məhrum edildi

Siyasət Materials 7 Fevral 2013 14:53 (UTC +04:00)
Prezident İlham Əliyev Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə sərəncam imzalayıb.
Əkrəm Əylisli Azərbaycan Prezidentinin fərdi təqaüdü və "Xalq yazıçısı" fəxri adından məhrum edildi

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Prezident İlham Əliyev Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi barədə ictimaiyyətin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" Azərbaycan Prezidentinin 2002-ci il 11 iyun tarixli sərəncamının 1-ci hissəsinin "Naibov Əkrəm Nəcəf oğlu" bəndi ləğv edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibovun) Azərbaycan Respublikasının "Xalq yazıçısı" fəxri adından məhrum edilib.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif edib. Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılıb, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilib.

Azərbaycan Respublikasının "Xalq yazıçısı" fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Əylislinin bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycan Respublikasının "Xalq yazıçısı" fəxri adından məhrum edilib.

"Xalq yazıçısı" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 23 may tarixli fərmanının "Naibov Əkrəm Nəcəf oğluna" hissəsi ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti