...

Azərbaycanın hakim partiyası: Fəxri adın alınması Əkrəm Əylislinin fəaliyyətinin məntiqi sonluğu idi

Siyasət Materials 7 Fevral 2013 16:40 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası yazıçı Əkrəm Əylislinin Azərbaycan Prezidentinin fərdi təqaüdü və "Xalq yazıçısı" fəxri adından məhrum edilməsini alqışlayıb.
Azərbaycanın hakim partiyası: Fəxri adın alınması Əkrəm Əylislinin fəaliyyətinin məntiqi sonluğu idi

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyası yazıçı Əkrəm Əylislinin Azərbaycan Prezidentinin fərdi təqaüdü və "Xalq yazıçısı" fəxri adından məhrum edilməsini alqışlayıb.

"Azərbaycan xalqının mədəniyyətinin inkişafında əməyi olan insanlara Azərbaycan Prezidenti tərəfindən müxtəlif adlar, titullar verilir. Bu cür adlar verilən adamlar öz fəaliyyətində xalqına, millətinə xidmət göstərməlidir. Amma Əkrəm Əylisli ona göstərilən etimadı doğrultmadı, özünun yazdığı "Daş yuxular" "əsərində" Azərbaycan tarixini təhrif etdi", - bunu Trend-ə Prezident İlham Əliyevin Əkrəm Əylislinin Azərbaycan Prezidentinin fərdi təqaüdü və "Xalq yazıçısı" fəxri adından məhrum edilməsinə dair sərəncamlarını şərh edərkən YAP-ın icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.

Qurbanlı bildirib ki, Əkrəm Əylisli bu "əsəri" ilə Azərbaycan xalqını aşağılatdı, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yanlış erməni versiyasını bir daha bədii obrazlar qismində ifadə etdi.

"Həmçinin, Əkrəm Əylisli ermənilərin Azərbaycana ərazi iddialarını yenə də özünün yaratdığı bədii obrazın dili ilə təsdiq etdi. Bütün yazdığı, üzə çıxardığı, rus dilində nəşr etdirdiyi "Daş yuxular" əsərində Azərbaycanın bütün tarixi keçmişini təhrif etdi, düşmən, təcavüzkar Ermənistana, Xocalı faciəsini törədən ermənilərə, 250 mindən çox azərbaycanlını öz doğma yurdlarından, tarixi Qərbi Azərbaycandan çıxaran ermənilərə, 1 milyondan artıq azərbaycanlının qaçqın düşməsinə bais olan millətçi ermənilərə bəraət qazandırdı, dinimizi aşağıladı, erməni kilsəsi olmayan Əylis kəndində erməni kilsələrinin olması haqqında yanlış fikirlər yazdı", - Qurbanlı bildirib.

YAP rəsmisi hesab edir ki, bu səbəbdən Azərbaycanın ictimai rəyi bunu qətiyyətlə pislədi.

"Azərbaycan vətəndaşlarının istəklərini, prezidentə müraciətlərini nəzərə alaraq, cənab Prezident Əkrəm Naibovu xalq yazıçısı titulundan məhrum etdi. Ona görə Naibov deyirəm ki, Əylis camaatı ona Əylisli deyilməsini istəmir. Hesab edirəm ki, doğru, düzgün sərəncam verildi. Prezidentin sərəncamını Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti dəstəkləyir. Mən indi bu sərəncamdan sonra internet saytlarda, sosial şəbəkələrdə rəyləri oxudum - böyük əksəriyyət belə bir addımı dəstəkləyir və müdafiə edir, çünki bu, Əkrəm Naibovun fəaliyyətinin məntiqi sonluğu idi və özü öz əməyi ilə ona göstərilən etimadı doğrultmadığına görə bu addan məhrum edildi", - Qurbanlı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti