Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Qırğızıstana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov etimadnaməsini ölkə Prezidenti Almazbek Atambayevə təqdim edib. Bu barədə Trend-ə Azərbaycanın Qırğızıstandakı Səfirliyindən məlumat verilib.
Təqdimat mərasimi zamanı Hidayət Orucov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident A. Atambayevə catdırıraraq, Azərbaycan Prezidentinin iki qardaş ölkə arasında iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya və mədəni-humanitar və diqər sahələrdə dinamik və uğurla möhkəmlənməsinə önəm verdiyini bildirmişdir.
Hidayət Orucov vurğulamışdır ki, səfir vəzifəsində çalışacağı dövrdə ikitərəfli münasibətlərin möhkəmlənməsi və inkişafı üçün səylərini əsirgəməyəcək.
Qırğızıstan Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidentinin salamlarına görə öz təşəkkürünü bildirərək, onun da salamlarını catdırılmasını xahiş etmişdir. Prezident Azərbaycanla sıx iş birliyinin inkişafı üçün vaxtın yetişdiyini vurğulayıb və Azərbaycan Prezdentinin fəaliyyətini çox yüksək dəyərləndirib.