...

Azərbaycanın hakim partiyası: Abdullah Gül Serj Sarkisyanı təbrik etməklə onun saxta qələbəsinə mənəvi dəstək verənlər sırasında olub

Siyasət Materials 21 Fevral 2013 19:56 (UTC +04:00)
Ermənistanda keçirilən prezident seçkiləri zamanı baş vermiş qanun pozuntuları hər kəsə bəllidir. Bu ölkədə seçkilər faktiki olaraq ciddi qanun pozuntuları ilə müşayiət olunub.
Azərbaycanın hakim partiyası: Abdullah Gül Serj Sarkisyanı təbrik etməklə onun saxta qələbəsinə mənəvi dəstək verənlər sırasında olub

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ermənistanda keçirilən prezident seçkiləri zamanı baş vermiş qanun pozuntuları hər kəsə bəllidir. Bu ölkədə seçkilər faktiki olaraq ciddi qanun pozuntuları ilə müşayiət olunub. Real rəqiblərə sui-qəsdlərin edilməsi şəraitində və saxtakarlıq yolu ilə Serj Sarkisyanın qələbə qazanması beynəlxalq mətbuatda da özünə geniş yer tapıb. Təəssüf doğuran odur ki, S.Sarkisyanın saxta seçkilərinə bəzi beynəlxalq təşkilatlar ikili standartlarla yanaşırlar, kifayət qədər təpki göstərmirlər. Eyni zamanda, bizi daha çox bu təəssüfləndirir ki, Azərbaycanın strateji müttəfiqi olan, dost və qardaş hesab etdiyimiz Türkiyənin Prezidenti Abdulla Gül də tələsik saxta yolla seçilmiş Sarkisyanı təbrik edir. Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, S.Sarkisyanı "qələbə" münasibətilə təbrik edənlər var. Amma dost ölkənin başçısının saxta yolla prezident seçilmiş və təcavüzkar ölkənin rəhbəri olan Sarkisyanı belə tələsik təbrik etməsi bu saxta seçkiləri ört-basdır etməkdə müəyyən rol oynayır.

"S.Sarkisyanı tələm-tələsik təbrik edənlərin bir məqsədi var. Bu da onun saxta yolla prezident seçilməsini ört-basdır etməkdən ibarətdir. Hazırda Ermənistan müxalifəti saxta seçkiyə etiraz əlaməti olaraq aksiyalar keçirirlər. Belə bir şəraitdə S.Sarkisyana təbrik teleqramlarının göndərilməsi ona bir növ mənəvi dəstək rolunu oynayır. Bu mənada, biz təəssüf edirik ki, Türkiyə Prezidenti özünün təbriki ilə Sarkisyana mənəvi dəstək verənlər sırasında olub. Bu təbrik teleqramı heç də Ermənistanın Türkiyəyə münasibətini dəyişməyəcək. Ermənistanın və dünya ermənilərinin Türkiyəyə qarşı nə torpaq iddiası, nə də qondarma "erməni soyqırımı" iddiası bu cür təbriklərlə geri alınan deyil. Ermənilər bu iddialarından geri çəkilməyəcək, çünki erməni xisləti bizə bəlli bir məsələdir. Eyni zamanda, Türkiyə ictimai rəyi də bu məsələyə birmənalı yanaşmır. Türkiyə mətbuatı bu məsələyə geniş yer verir və hesab olunur ki, indiki şəraitdə bu təbrik vaxtından qabaq atılan adddımdır", - YAP icra katibinin müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti