...

Azərbaycan və Hindistan arasında hüquq sahəsində 3 müqavilə imzalanıb

Siyasət Materials 4 Aprel 2013 20:09 (UTC +04:00)
Hindistanın hüquq və ədliyyə naziri A.Kumarın dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.
Azərbaycan və Hindistan arasında hüquq sahəsində 3 müqavilə imzalanıb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Hindistanın hüquq və ədliyyə naziri A.Kumarın dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Hindistanın Hüquq və Ədliyyə Nazirliyində aprelin 4-də keçirilmiş görüşdə A.Kumar iki ölkə arasında hüquqi sahədə əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb, Azərbaycan ədliyyə nazirinin Hindistana səfərinin qarşılıqlı fəaliyyətin inkişafına böyük təkan verəcəyini bildirib.

Məmmədov Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən ədliyyə sistemində tətbiq olunan innovasiya və İKT-lər, məhkəmə və penitensiar infrastrukturun müasirləşdirilməsi, habelə hakimlərin seçim prosesinin şəffaflığına görə Avropada örnək kimi dəyərləndiyi barədə məlumat verib, Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə konkret sahələr üzrə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Sonra Azərbaycan ilə Hindistan arasında "Mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında" müqavilə imzalanıb.

Səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri, həmçinin xarici işlər və insan ehtiyatlarının inkişafı üzrə dövlət naziri E.Ahamed ilə görüşüb. Hindistanlı nazir ölkəmizlə iqtisadi əməkdaşlığın inkişafına böyük əhəmiyyət verildiyini qeyd edib, habelə iki dövlət arasında olan əlaqələrin müsbət dinamikası, qarşılıqlı səfərlərin intensivləşdirilməsi vurğulanıb, digər məsələlər müzakirə olunub.

Tədbirdə Azərbaycan və Hindistan arasında "Cinayətkarların təslim edilməsi (ekstradisiya) haqqında" müqavilə imzalanıb.

Elə həmin gün Hindistanın daxili işlər naziri S.Şinde ilə görüş keçirilib. Görüşdə hindistanlı nazir Azərbaycanda həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından məlumatlı olduğunu bildirib, hüquqi əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan ilə Hindistan arasında "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" müqavilə imzalanıb.

İmzalanma mərasimlərində qeyd olunub ki, dövlətlərarası müqavilələr ikitərəfli əməkdaşlığa mühüm töhfə verməklə ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin möhkəmlənməsinə, cinayətkarlığa qarşı mübarizədə hüquqi yardımın göstərilməsinə, cinayət əməli törətmiş şəxslərin təslim edilməsi sahəsində qarşılıqlı fəaliyyətin təşviqinə xidmət edəcək.

Həmçinin, həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.

Tədbirlərdə ölkəmizin Hindistandakı səfiri İbrahim Hacıyev də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti