...

Əhalinin rifahı qarşıda duran əsas vəzifədir

Siyasət Materials 16 Aprel 2013 15:35 (UTC +04:00)
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.
Əhalinin rifahı qarşıda duran əsas vəzifədir

Arzu Nağıyev - Trend-in icmalçısı

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.

Dövlət başçısı iclasda giriş və yekun nitqi söylədi.

Qarşıda duran vəzifələr haqqında fikirlərini bildirən dövlət başçısı qeyd etdi ki, əslində 2013-cü ildə görüləcək işlərlə bağlı bütün vəzifələr müəyyənləşdirilmişdir. Dövlət İnvestisiya Proqramı icra edilir. Eyni zamanda, əvvəlki dövrlərdə qəbul edilmiş proqramlar icra edilir və onların bəziləri bu il başa çatdırılmalıdır. O ki qaldı əsas, yəni, diqqət tələb edən məsələlərə, onların içində əlbəttə ki, iqtisadiyyatın şaxələndirilməsi bu sahədə əsas vəzifə olaraq qalır.

Statistik rəqəmlər deməyə əsas verir ki, bu istiqamətdə çox önəmli nəticələr əldə edilmişdir. 11,4 faiz səviyyəsində artan qeyri-neft iqtisadiyyatı dünya miqyasında bəlkə də ən sürətlə artan iqtisadiyyatdır.

Qeyd edildiyi kimi, prioritet istiqamət yenə də qeyri-neft sektorunun inkişafı olmalıdır. Yəni, Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən asılılığını azaldır və real, stabil inkişafını gerçəkləşdirir. Bunun üçün aparılan uğurlu iqtisadi islahatları davam etdirmək zəruridir.

Prezidentin çıxışında əhalinin rifahı qarşıda duran əsas vəzifə kimi öz əksini tapdı. Əhalinin pul gəlirləri təxminən 6 faiz artmışdır. Qeyri-neft sektorunun inkişafı, eyni zamanda, regionların sosial-iqtisadi inkişafı kənd təsərrüfatından gəlirlərin, məvacib və təqaüdlərin artımı deməkdir.

Məlumdur ki, regionlarda, əsasən, iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır. Bu isə daim diqqət mərkəzində saxlanılan prioritet məsələdir. Bununla bağlı ikinci Dövlət Proqramı bu ilin birinci rübündə uğurla icra edilib və 2013-cü ilin sonunda yekunlaşmalıdır.

Prezident öz çıxışında iqtisadi islahatları həyata keçirmək və müvafiq nəticələr əldə etmək üçün kadr hazırlığının da vacibliyini qeyd etdi. Ölkəyə dünyanın bir sıra dövlətlərindən müasir texnologiyalar gətirilir, buna görə də müasir peşəkar kadrların hazırlanmasına daha da ciddi yanaşılmalı və iqtisadiyyatın ümumi inkişafına yönəldilməlidir. Gənclərin bu işlərə cəlb edilməsi və kadr kimi qabağa çəkilməsi ölkə Prezidentinin gələcəyə inamını əks etdirir. Məhz buna görə də ölkədə gənclər siyasəti uğurla aparılır, Azərbaycan gəncliyi Dövlət Proqramı icra edilir.

İlham Əliyev öz çıxışında bildirib ki, gəncləri işlə təmin etmək üçün onların təhsilini yüksək səviyyədə təşkil etmək üzrə işlər gedir. Bununla bərabər, Prezidentin sözlərinə görə, gənc ailələrin həyatda rastlaşdığı ən böyük problem mənzil problemidir. Bunun üçün ipoteka kreditləşmə mexanizmləri təkmilləşdirilməli, lazım olarsa yenidən baxılmalı, ipotekaya ayrılan məbləğ artırılmalıdır. Bunun əsas səbəbi nəticədə gənclərin mənzil problemini daha da sürətlə təmin etməkdir.

Azərbaycanda aparılan iqtisadi islahatlar ölkə daxilində öz bəhrəsini verməklə bərabər, mötəbər beynəlxalq qurumlar tərəfindən də qeyd edilir və qiymətləndirilir. Bu qurumlar dəfələrlə ölkəmizin öz daxili imkanları hesabına müstəqil iqtisadi və siyasi inkişaf kursunu ayırd etdiyini bildirmişlər. İnkişaf etmiş Qərb ölkələrində maliyyə, iqtisadi böhranların ölkəmizdən yan keçməsi və belə əlamətlərin olmaması seçilmiş kursun düzgün olduğuna dəlalət edir.

Bu kursun düzgünlüyü Davos İqtisadi Forumunun ilk dəfə ölkəmizdə böyük uğurla keçirilməsinə zəmin yaratdı, Azərbaycan da foruma sahiblik etməklə bərabər, eyni zamanda, forumun fəal iştirakçısı oldu.

Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, forumda səslənən fikirlər, o cümlədən Azərbaycan iqtisadiyyatı, ümumiyyətlə, ölkəmizin inkişafı ilə bağlı səslənən fikirlər çox müsbət idi: "Bu fikirlər və bu qiymət, deyə bilərəm ki, ən yüksək qiymətdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti