Azərbaycan, Bakı, 3 may /Trend/
ABŞ Suriya müxalifətinə silah tədarükü məsələsi üzrə mövqeyinə yenidən baxa bilər. Trend "Assoşieyted Press" agentliyinə istinadən məlumat verir ki, bunu ABŞ-ın müdafiə naziri Çak Heygel deyib.
Heygel bildirib ki, ABŞ hökuməti Suriya münaqişəsinə münasibətdə müxtəlif imkanları nəzərdən keçirir.
"Üsyançıların silahlandırılması - bu, variantdır. Biz variantları gözdən keçirməkdə davam edirik", - o deyib.
Bununla yanaşı, nazir qeyd edib ki, bu məsələ üzrə son qərar qəbul edilməyib və o, şəxsən müxalifətin silahla təchiz edilməsinin müdrik addım olub-olmadığına hələ qərar verməyib.