...

Millət vəkili: Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Azərbaycan cəmiyyətini razı sala bilməz

Siyasət Materials 19 İyun 2013 13:49 (UTC +04:00)
Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Azərbaycan cəmiyyətini razı sala bilməz.
Millət vəkili: Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Azərbaycan cəmiyyətini razı sala bilməz

Azərbaycan, Bakı, 19 iyun / Trend, müxbir M.Əliyev/

Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Azərbaycan cəmiyyətini razı sala bilməz.

Bu barədə çərşənbə günü Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib:

"Dünən, 18 iyunda "böyük səkkizliyin" sammitində ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin prezidentləri Vladimir Putin (Rusiya), Barak Obama (ABŞ), Fransua Olland (Fransa) Dağlıq Qarabağ münaqişəsilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda prezidentlər qeyd edirlər ki, "biz təəssüf hissi keçiririk ki, tərəflər danışıqlar prosesi zamanı qarşılıqlı maraqları nəzərə almaqla münaqişənin həlli yolunu tapmaq əvəzinə birtərəfli qaydada xeyir tapmağa çalışıblar".

Mirzəzadə deyib ki, lider ölkələrin bəyanatının belə tonu Azərbaycan cəmiyyətində təəssüf doğurur. O vurğulayıb ki, Ermənistanla Azərbaycanı tərəzinin eyni gözünə qoymaq, Ermənistanın ölkəmizə təcavüzünə göz yummaq yolverilməz məsələdir:

"BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün BMT-nin Nizamnaməsini kobud surətdə pozan Ermənistana şans vermələri təəccüb doğurur. Azərbaycanı öz ərazi bütövlüyünü qoruduğuna görə "birtərəfli qaydada xeyir tapmağa çalışır" ifadəsi ilə günahlandırmaq beynəlxalq hüquq normalarını ağıq şəkildə kənara qoymaq deməkdir".

Mirzəzadə deyib ki, üç böyük və nüfuzlu dövlətin hələ də Ermənistana işğalçı deməkdən çəkinməsi, onu maraqlarını qorumağa imkan verməsinin səbəbi başa düşülən deyil və bu yanaşma ilə dünyanın sabitlik nizamını hər an pozmaq olar:

"Həmsədr ölkələrin bəyanatı Ermənistanın işğalçılıq siyasətini bundan sonra da davam etdirməsi üçün ideal şərait yaradır. Nəinki Azərbaycan, hətta dünya da onların ədalət prinsipini Ermənistanın xeyrinə interpretasiya etmələrinə ancaq təəccüb edə bilər. Bəyanatın ümumi tonu istənilən variantla məsələnin qapadılmasına yönəldilibdir. "Biz Ermənistan və Azərbaycanın liderlərini açıq qalan məsələlərin həllinə diqqəti yönəltməyi çağırırıq" ifadəsi isə sadəcə diplimatik protokol ifadəsidir. Ancaq bəyanatın sonuncu abzası hər halda bu dövlətlərin xarici siyasət idarələrində beynəlxalq hüquq normalarını bilən diplomatların olmasından xəbər verir".

Mirzəzadə hesab edir ki, çağırış qismən də olsa ədalətə nail olmağa xidmət edə bilər:

"Orada deyilir: "Biz tərəflərin rəhbərlərini qətiyyətlə Helsinki prinsiplərinə, o cümlədən güc işlətməmək, ərazi bötüvlüyü və xalqların bərabərhüquqlu və öz müqəddəratını təyinetmə prinsiplərinə sadiq olmalarını bir daha nümayiş etdirməyə çağırırıq". Ciddi fikirdir, ancaq bəyanatın əvvəlində özünə dəstək görən Ermənistan rəhbərliyi axırıncı abzası oxuyacaqmı?".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti